Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan Politexnik Universitetində olub.

Bu barədə AzMİU-dan bildirilib. Milan Politexnik Universitetinin dəvəti əsasında reallaşan səfərin ilk günü AzMİU nümayəndə heyəti Milan Politexnik Universitetinin Memarlıq məktəbinin rəhbəri professor Andrea Kampioli, Memarlıq, ətraf mühit və inşaat mühəndisliyi bölməsinin rəhbəri Stefano Kopolonqo, Şərqi Avropa ölkələri ilə əlaqələr üzrə nümayəndəsi Mauro Filippini, Memarlıq fakültəsinin professoru Nora Lombardini, Beynəlxalq mobillik şöbəsinin rəhbəri Kristika Aqazzini və Memarlıq məktəbinin beynəlxalq əlaqələr üzrə nümayəndəsi professor Marko Bovati ilə görüşüb.

Görüşdə iki ali məktəb arasında memarlıq sahəsində həyata keçirilən ikili diplom müqaviləsi layihəsinin mövcud vəziyyəti və inkişaf perspektivləri, hazırda Milan Politexnik Universitetində təhsil alan AzMİU tələbələrinin tədris prosesi və layihənin davamlılığının təmin edilməsi üçün gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb. Həmçinin iki universitet arasında memarlığın digər sahələri və ekologiya mühəndisliyi ixtisası üzrə yeni ikili diplom layihələrinin hazırlanması məsələsi müzakirə edilib.

Görüşdən sonra AzMİU nümayəndə heyəti Milan Politexnik Universitetinin maddi-texniki bazası ilə tanış olub və strukturu barədə məlumatlandırılıb.

Daha sonra professor Gülçöhrə Məmmədova ikili diplom proqramı üzrə Milan Politexnik Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Rektor tələbələrlə tədris prosesi, onların yaşayış şəraiti, qarşılaşdıqları çətinliklərlə bağlı ətraflı söhbət aparıb, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verib.

Qeyd edək ki, AzMİU bakalavriat səviyyəsi üzrə Türkiyənin İstanbul Texnik Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Fransanın CNAM Universiteti ilə, magistratura səviyyəsi üzrə isə İspaniyanın Koruna Universiteti, İtaliyanın Milan Politexnik Universiteti və Portuqaliyanın Leiria Politexnik İnstitutu ilə ikili diplom proqramları həyata keçirir. Böyük Britaniyanın Vestminster Universiteti (memarlıq abidələrinin bərpası və yenidən qurulması ixtisasında) və Türkiyənin Ankara Universiteti (elektrik və elektronika mühəndisliyi) ilə imzalanan ikili diplom proqramı üzrə bu ildən etibarən tələbə qəbulu həyata keçiriləcək.