7-8 may tarixlərində Milli Azərbaycan Tarixi Muzeyində “Milli mədəni irsin təbliği” layihəsi çərçivəsində “Naxçıvan – qədim diyar” adlı rəsm və əl işlərindən ibarət müsabiqə-sərgi keçiriləcək.

Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın qədim diyarı Naxçıvanın tarixini, maddi mədəniyyətini gənc nəslə daha yaxından tanıtmaq, gözoxşayan təbiətini təbliğ etməkdir.

Təqdim olunan incəsənət nümunələrinin Naxçıvanın maddi mədəniyyətini, təbiətini əks etdirməsi əsas şərtlərdən biridir. Müsabiqədə mövzuya uyğun rəsm əsəri, tikiş, toxuculuq məmulatı, dekorativ-tətbiqi sənət, gipsdən düzəldilmiş fiqurlar, heykəltaraşlıq nümunələri, applikasiya və s. əl işləri ilə respublikanın müxtəlif regionlarından istedadlı, bacarıqlı hər kəs iştirak edə bilər.

Müsabiqə 2 mərhələdə – təsviri incəsənət və tətbiqi incəsənət nümunələri üzrə keçiriləcək. İncəsənət xadimlərindən, sənətşünaslardan, rəssamlardan ibarət münsiflər heyəti tərəfindən hər iki mərhələ üzrə 3 nəfər qalib elan olunacaq. Hər bir iştirakçıya sertifikat təqdim olunacaq, qaliblərə mükafat və fəxri fərman veriləcək.

Hər bir iştirakçı müsabiqəyə 1 iş göndərə bilər. Əl işləri təqdim edilərkən müəllif haqqında ətraflı məlumat (ad, soyad, ata adı, təvəllüd, oxuduğu məktəb, ali məktəb, işlədiyi müəssisə və əlaqə vasitəsi) qeyd olunmalıdır. Əl işləri Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiya və təhsil proqramları şöbəsinə (H.Z.Tağıyev küç. 4) təqdim edilməlidir.

Müsabiqədə iştirak üçün müraciət mayın 5-də başa çatır.

Müsabiqə haqqında əlavə məlumat almaq üçün 055-665-52-57; 055-734-76-64 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.