Aprelin 4-də Gəncə Dövlət Dram Teatrında məşhur Türkiyə dramaturqu Əziz Nesinin “Toros canavarı” əsəri əsasında ərsəyə gələn eyniadlı tamaşanın premyerası olub.

Tamaşanın quruluşçu rejissoru İstanbulun Maltəpə teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin (ATB) baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Tamaşada əsas rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa ediblər.

Məişət mövzularının qara komediya dili ilə təqdim olunduğu birhissəli səhnə işi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

***

Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2024-cü ildə teatr müəssisələrinin regionlara nəzərdə tutulmuş qastrol səfərləri proqramına uyğun olaraq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı aprelin 16-da Pərvin Nurəliyevanın “Qoğalın sərgüzəştləri” tamaşasını Qusar rayon Mədəniyyət evində nümayiş etdirib.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Balacaların böyük marağına səbəb olan səhnə əsərində aktyorlar Anar Seyfullayev, Müşfiq Əliyev, Ramin Məmmədov, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Zülfiyyə Alhüseynova və Tahir İsmayılova çıxış edirlər.

***

Qax Dövlət Kukla Teatrında E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası olub.

Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada rolları Aynurə Abbasova, İlmar Abdullayev, Azər Kərimov, Araz Mehrablı, Fidan Mahmudzadə və Elnurə Əliyeva ifa edirlər. Tamaşanın rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

***

Salyan Dövlət Kukla Teatrında özbək dramaturqu Abbas Xurramovun “Xoruz niyə uçmur?” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın məşqləri yekunlaşmaq üzrədir.

Tamaşa Salyan Dövlət Kukla Teatrı ilə Özbəkistanın Sırxandərya vilayətinin Kuğurcaq Dövlət Teatrı arasında imzalanan memoranduma əsasən hazırlanır. Səhnə işinə həmin teatrın baş rejissoru Bunyad İmomov quruluş verir.

Birhissəli uşaq tamaşasının quruluşçu rəssamları Ceyhun Rüstəmbəyli və Gülay Abbasovadır.

Səhnə əsərində personajları Mədinə Ramazanova, Röyal Qurbanov, Nahid Rüstəmbəyli, Maytab Gözəlova, Nərmin Hüseynli, Gülcənnət Zamanova, Nurlan Məlikov, Böyükağa Mehdizadə canlandırırlar.