Aprelin 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun (1884–1950) anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirildi.

Yubiley münasibətilə Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığına dair muzeyin fondunda olan eksponatlardan sərgi də təşkil olunmuşdu.

Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq bildirdi ki, ötən əsrin birinci yarısında Azərbaycanda opera sənətinin təşəkkül tapması, musiqili teatrın təşkili və inkişafında dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yanaşı, onun qardaşı Zülfüqar Hacıbəyovun da mühüm xidmətləri olub.

Muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli bəstəkarın yaradıcılığına nəzər saldı.

Qeyd etdi ki, yaradıcılığında musiqinin müxtəlif janrlarına müraciət edən Zülfüqar ötən əsrin ikinci onilliyində “Əlli yaşında cavan” operettası, “Aşıq Qərib” operası ilə tanınır. “Aşıq Qərib” operasının səciyyəviliyi ondadır ki, o, xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi. Bəstəkar xüsusilə 1920–30-cu illərində yazdığı mahnılarla məşhurlaşır. “Kəndçi qızı”, “Çoban qız”, “Əsgər nəğməsi” və digər mahnıları dildə-ağızda dolaşır. Z.Hacıbəyov 1935-ci ildə kino tariximizdə ilk səsli film olan “Almaz” filminə musiqi yazır. “Kölə qadınların rəqsi” adlı simfonik əsəri mədəni həyatda geniş əks-səda doğurur. Milli musiqimizin inkişafında göstərdiyi xidmətlərə görə 1943-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən Zülfüqar Hacıbəyovun “Nüşabə” və “Üç aşıq” operaları tamamlanmamış qalıb.

Tədbirdə daha sonra “Bəstəkar Zülfüqar Hacıbəyovun yaradıcılığında vokal-instrumental janr” (Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının əməkdaşı Fidan Nəsirova) və digər mövzularda çıxışlar dinlənildi.

Bədii hissədə BMA-nın professoru, Xalq artisti Ülviyyə Hacıbəyovanın, musiqişünas və vokalçı Sevinc İbrahimovanın, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Əməkdar artist Səbuhi İmanov, Rəvanə Əmiraslanlı və xorun ifalarında musiqi parçaları səsləndi. Z.Hacıbəyovun “Aşıq Qərib” operasından uvertüra, Şahsənəmlə Qəribin dueti, Ağca qızın mahnısı və qızlar xoru, “Nüşabə” operasından fraqmentlər təqdim edildi.

Sonda Z.Hacıbəyovun və oğlu Niyazinin musiqisini yazdığı “Almaz” kinofilmindən fraqmentlər nümayiş olundu.

Savalan Fərəcov