Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xalqın mədəni sərvəti” layihəsi davam edir. Xəbər verdiyimiz kimi, layihənin 15-20 aprel tarixlərini əhatə edən bu mərhələsi görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub.

Bu silsilədə bəstəkarın əsərlərindən ibarət daha bir konsert Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilib.

Konsertdə Mingəçevir şəhər musiqi məktəblərinin kollektivlərindən ibarət “Xarı bülbül” xalq çalğı alətləri ansamblının müşayiəti ilə “Daimi hərəkət”, “Vətənimdir”, “Gözəl Şuşa”, “Ulduz” kinofilmindən “Qədirin mahnısı”, “Anacan”, “Küsmərəm”, Yevlax şəhər Mədəniyyət Mərkəzinin və musiqi məktəblərinin kollektivlərindən ibarət “Aran” xalq çalğı alətləri ansamblının müşayiəti ilə “Rəqs-tokkata”, “Vağzalı çalınır”, “Bilsəm sən gəlirsən”, “Bahar”, “Ağdamım mənim”, “Qəmərim”, “Ulduz” filmindən “Mövsümlə Nazilənin dueti” mahnıları səsləndirilib.