Qara Qarayevin Ev-Muzeyində bəstəkar, Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş keçirilib.

Görüşdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Qara Qarayevin Ev-Muzeyinin müdiri, dahi bəstəkarın qızı Züleyxa Bağırova-Qarayeva çıxış edərək Məmmədağa Umudovun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən danışıblar.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova M.Umudovun həyat və yaradıcılıq yolu haqqında məlumat verib. Onun çıxışı bəstəkarın fəaliyyətini əks etdirən slayd-şou ilə müşayiət olunub. Digər natiqlər də M.Umudovun yaradıcılığından, pedaqoji fəaliyyətindən danışıblar.

Tədbirin bədii hissəsində bəstəkarın əsərlərindən ibarət videokonsert nümayiş olunub. Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Məmmədağa Umudov müəllifi olduğu kitabları iştirakçılar üçün imzalayıb.