BMT-nin İsveçrənin Cenevrə şəhərində yerləşən ofisində – “Millətlər Sarayı”nda (Palais des Nations) Türk Mədəniyyəti Günləri keçirilir.

Aprelin 25-dək davam edəcək tədbirlər Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşir.

Türk dünyası şölənində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan sənət adamları iştirak edirlər.

Tədbirdə ölkəmizi beynəlxalq müsabiqələr laureatı, Beynəlxalq Muğam Mərkəzinin solisti, xanəndə Nisbət Sədrayeva, həmçinin beynəlxalq müsabiqələr laureatları və TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solistləri – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi tarzən Ruslan Zərbəliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi, Beynəlxalq Türk Dünyası Gənclər Şurasının üzvü, kamança ifaçısı Pərviz Fərhadov təmsil edir.

TDT-dən bildirilib ki, Türk Mədəniyyəti Günlərinə BMT-nin Cenevrə Bölməsi ilə yanaşı, Dünya Əqli Mülkiyyət Təşkilatı və Cenevrə Musiqi Konservatoriyası da ev sahibliyi edir.

Tədbirlər proqramına Türk dünyası sərgisi, “Türk əməkdaşlıq təşkilatları: ortaq irs, birgə tərəqqi” mövzusunda konfrans da daxildir. Aprelin 23-də keçirilən konsertdə TÜRKSOY ölkələri sənətçiləri çıxış ediblər.