Musiqi mədəniyyəti xəzinəmizi dəyərli əsərləri ilə zənginləşdirən bəstəkarlarımızdan biri də Xalq artisti Ramiz Mirişli olub. Geniş yaradıcılıq diapazonuna malik görkəmli sənətkar xalq musiqisindən və milli bəstəkarlıq məktəbi ənənələrindən ustalıqla bəhrələnərək dinləyici və tamaşaçı zövqünü oxşayan əsərlər yadigar qoyub. Bu il unudulmaz bəstəkar və pedaqoqun anadan olmasının 90 illiyidir.

Ramiz Adil oğlu Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Şəhərdə orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda oxuyur. Vurğulayaq ki, qəbul imtahanlarında fitri istedadını nəzərə alıb onu bu təhsil ocağının Xalq çalğı alətləri şöbəsinin ikinci kursuna qəbul edirlər. Ancaq o, qəlbinin musiqi ilə çağladığını hiss edir, bəstəkar olmaq arzusu ilə yaşayırdı.  Beləliklə, 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) Bəstəkarlıq ixtisasına qəbul olunur. Burada Xalq artisti, professor Cövdət Hacıyevdən bəstəkarlığın sirlərini öyrənir. 1962-ci ildə konservatoriyanı müvəffəqiyyətlə başa vurur.

Ramiz Mirişli əmək fəaliyyətinə 1954-cü ildə Azərbaycan Radio-İnformasiya İdarəsində musiqiçi kimi başlayır. Burada uzun müddət musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışır. Bəstəkar 1987-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında Mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsinə təyin edilir.

Yaradıcılığını pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli Bakı Musiqi Akademiyasında müəllim, dosent və professor kimi fəaliyyət göstərib. 2005-ci ildən Azərbaycan Milli Konservatoriyasında fəaliyyətini davam etdirib, yeni musiqiçilər nəslinin yetişməsi üçün bilik və bacarığını əsirgəməyib.

Ramiz Mirişli geniş yaradıcılıq fəaliyyəti dövründə simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu üçün əsərlər bəstələyib.

Onun ecazkar sənətinin bədii keyfiyyətləri həm də onlarla teatr tamaşalarına və kinofilmlərə (“Alma almaya bənzər”, “Evin kişisi”, “Köhnə bərə”, “Qəzəlxan” və s.) yazdığı musiqilərdə özünü göstərir.

Araşdırmalarda qeyd edilir ki, Ramiz Mirişlini xalqa daha çox sevdirən onun mahnı yaradıcılığı olub. Bu janrda bəstələdiyi bənzərsiz əsərləri sənətsevərlər tərəfindən maraqla qarşılanıb. Həmin nəğmələri səciyyələndirən əsas cəhətlər kompozisiya bütövlüyü, dərin lirizm və təbiilikdir. Mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutub. Bu janrda bəstələdiyi ilk əsəri “Dalğalar” mahnısıdır. Müəllif xatirələrində bu mahnının ərsəyə gəlməsi haqqında deyib: “Cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Şair İslam Səfərli ilə də bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə “Dalğalar” adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu mənim ilk professional mahnım oldu”.

Bəstəkarın ilk uğurlu əsərinin ardınca yeni-yeni bənzərsiz bəstələri yaranıb. “Bir könül sındırmışam”, “Könül verdim”, “Sənsən ürəyim”, “Səndən danışdı”, “Mən sənə neyləmişəm?”, “Oxu, tar!”, “Səadət”, “Səni sevən baxışlar”, “Bayram axşamlarında” və digər nəğmələri musiqisevərlərin bu gün də könlünü oxşayır. 

O dövrün görkəmli sənətkarları Şövkət Ələkbərova, Rəşid Behbudov, Zeynəb Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və başqaları Ramiz Mirişli yaradıcılığına müraciət ediblər. Sonrakı illərdə sənətə gələn müğənnilər də bəstəkarın həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər.

Mərhum Xalq şairi Fikrət Qocanın çox sevdiyi və əməkdaşlıq etdiyi bəstəkarlardan biri Ramiz Mirişli olub. Görkəmli şair xatirələrində yazır: “Mən ilk mahnılarımı onunla 45 il əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb”.

Əməyi yüksək qiymətləndirilən bəstəkar 1982-ci ildə “Əməkdar incəsənət xadimi”, 1974-cü ildə Naxçıvan MR-in “Əməkdar incəsənət xadimi”, 1990-cı ildə isə respublikanın “Xalq artisti” fəxri adlarına layiq görülüb. Sənətkar 2004-cü ildə “Şöhrət”, 2014-cü ildə isə “Şərəf” ordenləri ilə təltif edilib.

Bəstələri təbiiliyi, səmimiliyi və emosionallığı ilə könüllərə sığal çəkən Xalq artisti Ramiz Mirişli 17 aprel 2015-ci ildə, 81 yaşında vəfat edib.

Savalan Fərəcov