COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür.

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu ilin noyabr ayında Bakıda keçiriləcək.

Dövlətimizin başçısı əlavə edib ki, baza prinsipləri üzərində razılığa gəlmək həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar: “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə, ürəkdən çalışmalıdır”.

Azərbaycanın digər qonşuları ilə münasibətlərinə toxunan İlham Əliyev qeyd edib ki, əsas çıxış yolu və üsul ədalətli və səmimi olmaqdır. Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik: “Düşünürəm ki, bu, məhz həmin keyfiyyətlərlə bağlıdır. Çünki onlar bizə etimadla yanaşa bilərlər və bilirlər ki, bizim tərəfdən sürprizlər olmayacaq”.

Dövlətimizin başçısı vurğulayıb ki, biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq: “Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır”.

Prezident qeyd edib ki, Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur: “Üzləşə biləcəyimiz yeganə potensial risklər xaricdən gələ bilər. Onda biz nə etməliyik? Biz qapılarımızı hərc-mərclik yaradanların üzünə bağlı, sadiq qonaqlarımızın üzünə isə açıq saxlamalıyıq...”.