Olaylar, faktlar (28 – 30 aprel)

 

29 aprel Beynəlxalq Rəqs Günüdür (İnternational Dance Day). 1982-ci ildə UNESCO nəzdində Beynəlxalq Rəqs Şurası tərəfindən təsis edilib.

30 aprel Beynəlxalq Caz Günüdür (International Jazz Day). 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlik və dialoqun, insanlar arasında ünsiyyətin genişləndirilməsində rolunu diqqətə çatdırmaq məqsədilə təsis olunub.

 

235 il əvvəl...

 

30 aprel 1789-cu ildə ABŞ-də prezidentlik institutu fəaliyyətə başlayıb, 1-ci prezident Corc Vaşinqtonun inauqurasiya mərasimi keçirilib. O vaxt ABŞ-nin paytaxtı Nyu-York şəhəri idi və prezidentin iqamətgahı burada yerləşirdi.

 

106 il əvvəl...

 

29 aprel 1918-ci ildə erməni-daşnak dəstələri Gümrü şəhəri yaxınlığında azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın törədiblər. Yüzlərlə insan qətlə yetirilib.

 

104 il əvvəl...

 

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut edib, Azərbaycan Sovet Sosialist Respublikasının yaradıldığı elan edilib. Bir gün öncə bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olmuş, Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə AXC Parlamentinə ultimatum göndərmişdi. Parlament gərgin müzakirələrdən sonra ultimatumu qəbul etmişdi. Ölkədə formal hakimiyyət azərbaycanlı kommunistlərdən ibarət Müvəqqəti İnqilab Komitəsinə (sədr – Nəriman Nərimanov) verilib.

 

101 il əvvəl...

 

28 aprel 1923-cü ildə Bakıda Azərbaycan Foto-Kino İdarəsinin nəzdində 1-ci Dövlət kinofabrikinin (indiki “Azərbaycanfilm” kinostudiyası) açılışı keçirilib. Sonrakı illərdə kinostudiya müxtəlif adlar altında (Azdövlətkino, Azərkino, Azərfilm, Bakı kinostudiyası) fəaliyyət göstərib, 1960-cı ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlanır.

 

79 il əvvəl...

 

30 aprel 1945-ci ildə İkinci Dünya müharibəsində Berlində faşist Almaniyasına qarşı son döyüş – Reyxstaqa hücum başlayıb. Adolf Hitler bir gün öncə rəsmi nikaha girdiyi Yeva Braunla intihar edib və iflas etmiş Almaniyanın idarəçiliyini admiral Karl Dönitzin başçılığı ilə müvəqqəti hökumətə vəsiyyət edib.

 

49 il əvvəl...

 

30 aprel 1975-ci ildə Cənubi Vyetnam Amerika işğalından qurtulub və ölkənin şimalı ilə birləşib. 1965-ci ildə ABŞ Cənubi Vyetnama hərbi kontingent yeritmişdi. 1973-cü ildə Amerika qoşunlarının ölkədən çıxarılması barədə Parisdə müqavilə imzalandı. 1975-ci ilin aprelində ABŞ-nin sonuncu hərbi dəstəsi Cənubi Vyetnamı tərk etdi. 30 aprel Vyetnamda dövlət bayramı – Qələbə Günü kimi qeyd olunur.

 

15 il əvvəl...

 

30 aprel 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Gürcüstan vətəndaşı olan Fərda Qədirov tərəfindən terror aktı törədilib. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər yaralanıb. Hadisə yerinə polislərin gəldiyini görən terrorçu özünü öldürüb.

Hazırladı: V.Orxan