Moskvadakı Dövlət Şərq İncəsənəti Muzeyində məşhur azərbaycanlı sənayeçi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının (1924) 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Muzeyin direktoru tarix elmləri doktoru Aleksandr Sedov bəşər tarixində himayədarlıq və xeyriyyəçiliyin həmişə nəcib əməl kimi qiymətləndirildiyini qeyd edib. Vurğulayıb ki, belə insanların xidmətləri gələcək nəsillərə örnəkdir.

Kardioloq, tibb elmləri doktoru, professor Mehman Məmmədov azərbaycanlıların yaddaşında dərin iz qoymuş Zeynalabdin Tağıyevin xeyriyyəçilik və maarifçilik fəaliyyətindən danışıb. Bildirib ki, 1918-ci ildə Azərbaycanda Şərqin ilk demokratik respublikasını quran azərbaycanlı ziyalıların bir qismi Tağıyevin maddi yardımı ilə Avropa universitetlərində təhsil almışdı.

Mehman Məmmədov bakılı milyonçunun həyat və fəaliyyətindən bəhs edən “Əsrlər boyu davam edən nəciblik” kitabının təqdimatını da keçirib.

Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin müşaviri Zaur Paşayev tədbirin təşkilatçılarına səfir Polad Bülbüloğlunun təşəkkür sözlərini çatdırıb. Qeyd edib ki, Tağıyevin xatirəsi Azərbaycanda ehtiramla yad edilir. Prezident İlham Əliyevin sərəncamı ilə Bakıda xeyriyyəçinin abidəsi qoyulub.

Şərq İncəsənəti Muzeyinin direktor müavini İlya Zaitsev diqqətə çatdırıb ku, Tağıyev Rusiya imperiyasında yüksək nüfuza malik idi. O, Rusiya imperiyasında yaşayan bütün müsəlmanların, eləcə də digər millətlərin və dinlərin nümayəndələrinin də qayğısına qalırdı. Mesenatın fəaliyyəti xüsusən də Şimali Qafqaz xalqlarının maariflənməsinə yönəlmişdi.

General Balakişi Ərəblinskinin nəslindən olan professor Andrey Ərəblinski, jurnalist Azər Cahangirov, Moskva Linqvistik Universitetinin İlahiyyat kafedrasının dosenti Dimitri Safonov, həmçinin tədbirə onlayn rejimdə qoşulan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı böyük xeyriyyəçi haqqında fikirlərini bölüşüblər.

Tədbirdə iştirak edən Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədov Şərq İncəsənəti Muzeyinə “Xarıbülbül” əsərini hədiyyə edib.