Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayıl Bakuvinin qələmə aldığı “Məhşər divanı. Yalanın 17 anı” sənədli romanın təqdimatı keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Səlim Babullaoğlu çıxış edərək kitabın bugünkü ədəbi proses üçün uğur olduğunu deyib.

Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluşunda kitabın mahiyyətinə uyğun monoloq-tamaşa nümayiş olunub.

Milli Məclisin deputatı Ceyhun Məmmədov, kulturoloq alim, professor Fuad Məmmədov, tənqidçi, ədəbiyyatşünas Əsəd Cahangir, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan və digər çıxış edənlər kitab haqqında söz açıblar.

Adəm İsmayıl Bakuvi bildirib ki, kitab yalançı erməni tarixini öz xalqına ötürmək istəyən 17 ermənidən bəhs edir, Sənədli romanda Zori Balayandan tutmuş, Monte Melkonyana qədər, Qaregin Njdeyə qədər əlləri, qələmləri qana batmış erməni şovinistlərinə törətdikləri əməllərə görə divan qurulur, hər fəslin sonunda “hökm oxunur”.

Müəllif kitabın artıq 4 dilə tərcümə olunduğunu diqqətə çatdırıb.

Kitabın rəyçiləri akademiklər Nizami Cəfərov, Yaqub Mahmudov, Xalq yazıçısı Çingiz Abdullayev, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Çaxmaqlıdır. Sənədli romanın beynəlxalq rəyçiləri isə ICESCO-nun sabiq baş direktoru, professor Əbdüləziz bin Osman əl-Tüveycri, tarixçilər Kamal Çiçək və Vadim Mixaylovdur.

Qeyd edək ki, kitabın ilk təqdimatı 2022-ci ildə olub.