Bakıda Qırğız Mədəniyyəti Günləri çərçivəsində aprelin 25-də Milli Kitabxanada “Azərbaycan-Qırğızıstan mədəni-humanitar dostluq əlaqələri” mövzusunda dəyirmi masa təşkil olundu.

Azərbaycan tərəfdən mədəniyyət nazirinin müavini Murad Hüseynovun, Qırğızıstan tərəfdən mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajimaliyevin moderatorluğu ilə gerçəkləşən görüşdə iki ölkənin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Söhbət zamanı iki ölkənin milli kitabxanaları arasında kitab mübadiləsi, kino, teatr və mədəniyyətin digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulandı.

Qırğız Diplomatlar Birliyinin sədri Janıl Tumenbayeva bildirdi ki, qloballaşma çağında türk xalqları olaraq mədəniyyətimizi və milli dəyərlərimizi qorumaqla özümüzü dünyaya təbliğ etməliyik. O həmçinin ölkəsində çoxsaylı azərbaycanlıların yaşadığını qeyd edərək onların diaspor təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkələrimiz arasında dostluq münasibətlərinin yaranmasında Ulu öndər Heydər Əliyevin mühüm rolundan danışdı. Bildirdi ki, Heydər Əliyev 1995-ci ildə Bişkekdə “Manas” eposunun 1000 illik yubileyində çıxışı zamanı türksoylu xalqları birliyə səsləyib və bu gün Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir.

Çingiz Aytmatov Fondunun rəhbəri Eldar Aytmatov atasının Azərbaycana bağlığından, buradakı dostları ilə münasibətlərindən danışdı, xatirələrini bölüşdü.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, akademiklər Kamal Abdulla, Nizami Cəfərov, tarixçi-alim, diplomat Həsən Həsənov çıxışlarında “Manas” dastanının Azərbaycan xalqına “Dədə Qorqud” eposu qədər doğma olduğunu vurğuladılar.

Qırğızıstan Milli Tarix Muzeyinin direktoru Jıldız Başanova, T.Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasının direktoru Xalq artisti Kırqızbay Osmonev, Qırğızıstan Milli Konservatoriyasının rektoru Muratbek Beqaliyev, Dövlət dili və dil siyasəti Milli Komissiyasının sədri Melis Murataliyev və Qırğız Respublikası Qəhrəmanı Medetkan Şerimkulov çıxış edərək türk xalqları ədəbiyyatı və mədəniyyətinin qarşılıqlı təbliğinin ölkələrimizin daha da yaxınlaşmasında müstəsna rol oynayacağını bildirdilər. 

Görüşdə Bakıda Çingiz Aytmatovun heykəlinin qoyulmasını yüksək qiymətləndirən qonaqlar ölkələrində görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Arif Məlikovun əsərlərinin mütəmadi səsləndiyini, “Arşın mal alan” filmi, eyni zamanda onun teatrlaşdırılmış versiyasının qırğızlar tərəfindən böyük sevgi ilə qarşılandığını dedilər. Həmçinin Azərbaycanın Vətən müharibəsində Qələbəsi, torpaqlarımızın uzunillik işğaldan azad edilməsi, ölkəmizin suverenliyinin tam təmin olunmasının da qırğız ictimaiyyətinin sevincinə səbəb olduğu diqqətə çatdırıldı.

Tədbirə qonaq qismində qatılan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan və türk xalqlarının maddi-mənəvi dəyərlərini təbliğ edən quruma rəhbərliyindən məmnunluğunu bildirdi, bütün türk xalqlarına sülh və əmin-amanlıq arzuladı.

Sonda Qırğızıstan nəşrləri Azərbaycan Milli Kitabxanasına hədiyyə olundu.

Lalə Azəri