Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin (RUGİM) təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Yallı: güc, harmoniya və birlik simvolu” adlı məktəblilər üçün “Akvarium” formatında ictimai dinləmə və müzakirə keçirilib.

RUGİM-dən bildirilib ki, tədbir uşaq və gənclərdə Azərbaycanın ən qədim rəqs növlərindən olan yallıya və folklorumuza maraq oyatmaq məqsədilə təşkil olunub.

Mərkəzin direktoru Firuzə Sultanzadə Azərbaycanın mədəni irsinin mühüm hissəsi olan yallı rəqsi ilə uşaq və gəncləri tanış etməyin əhəmiyyətini vurğulayıb. O, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan yallının qədim tayfaların əhvali-ruhiyyəsini, güc və birliyini, xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını əks etdirdiyini bildirib.

“Akvarium” formatında ictimai dinləmə və müzakirə tədbirində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimova, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının əməkdaşı Mustafa Şabanov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Afaq Hüseynova, tarix üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Fikrət Abdullayev, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Çinarə Quliyeva çıxış ediblər.

Münsiflər heyəti tərəfindən “Rəqs tarixinin tədqiqi və ənənələrinin qorunması”, “Rəqs fəlsəfəsi”, “Rəqs ritmləri, mifologiyalar, rituallar və yerin tarixi”; “Rəqs kəsişmələri: yallı və digər mədəniyyətlər”, “Qlobal səslər: musiqili kollaborasiyada yallı” nominasiyaları üzrə iştirakçıların çıxışları qiymətləndirib.

Qeyd edək ki, 11-17 yaş şagirdlər arasında və 5 nominasiya üzrə keçirilən tədbirdə 193 nəfər qeydiyyatdan keçib. İlkin mərhələdə 93 nəfər seçilib. Finala vəsiqə qazanan 34 nəfərdən 15-i qalib olub. Qaliblər diplomla təltif ediliblər.

Tədbir “Cücələrim” mahnı və rəqs ansamblının ifasında “Qarabağ yallısı” rəqsi ilə yekunlaşıb.