Nizami Kino Mərkəzində aprelin 24-də başlayan “Azərbaycanda Rusiya Kinosu Günləri” aprelin 27-də başa çatıb.

Tədbirin rəsmi hissəsində Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Rusiya səfirliyinin müşaviri Pavel Kuznetsov, Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış ediblər.

“Azərbaycanda Rusiya Kinosu Günləri” layihəsinin prodüseri, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi Yelena Lebedeva Rusiya kinosunun nümayişləri ərzində səmimi qonaqpərvərliyə və anşlağa görə nümayəndə heyəti adından Bakı tamaşaçılarına təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra tamaşaçılara Rusiya istehsalı olan “Xokkey ataları” (rejissor Andrey Bulatov) filmi nümayiş etdirilib. Filmin nümayişi zamanı salondakı tamaşaçılar əsl azarkeşlərə çevriliblər, stadionda olduğu kimi gur alqışlarla öz sevimli komandalarını dəstəkləyiblər.

Nümayişdən sonra tamaşaçıların suallarını baş rolun ifaçısı, Rusiyanın Arkadi Raykin adına “Satirikon” Dövlət Teatrının aktyoru Aleksey Bardukov cavablandırıb.

Tədbirdə bir sıra ölkələrin diplomatik korpuslarının, biznes qurumlarının, təhsil müəssisələrinin nümayəndələri, incəsənət xadimləri, mədəniyyət sahəsi üzrə mütəxəssislər, rusiyalı həmvətənlərimiz iştirak ediblər.

Rusiya kinosu günləri çərçivəsində Bakıdakı tamaşaçılara Rusiya istehsalı olan dörd yeni tammetrajlı film təqdim edilib, ardından isə hər bir filmi təmsil edən artistlə müzakirələr və yaradıcı görüşlər təşkil olunub.

Bütün film nümayişləri “Nizami" Kino Mərkəzində keçirilib.