ABŞ-nin Kaliforniya ştatının Mauntin Vyu (Mountain View) şəhərində keçirilən mulktikulturalizm festivalında ölkəmiz də təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, iki ildən bir keçirilən və “Silikon Vadisi”ndə yaşayan fərqli millətlərin mədəniyyətlərini yerli ictimaiyyətə tanıtmaq üçün təşkil olunan festivala Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) də dəvət edilib.

Azərbaycan stendində müxtəlif əl işləri, milli mətbəximizə aid təamlar, milli musiqilər və folklor nümunələri təqdim olunub.

Həmvətənlərimiz ziyarətçilərə milli şirniyyatlardan olan şəkərbura və paxlavanın bişirilməsi qaydasını göstəriblər. Qonaqlar ətirli Azərbaycan çayı və şirniyyatların dadına baxıblar. Cəmiyyətin nəzdində fəaliyyət göstərən rəqs ansamblı üzvlərinin ifa etdikləri “Ağ çiçəyim”, “Nəlbəki”, “Yallı” rəqsləri böyük maraqla qarşılanıb.

Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti 40 ildən çoxdur ki, fəaliyyət göstərir. Təşkilat soydaşlarımız üçün mədəni və maarifləndirici tədbirlər təşkil etməklə, mədəniyyətimizi, tariximizi, irsimizi Amerika cəmiyyətində tanıtmağa çalışır.