Dialoq Forumunun Ağdamda xüsusi sessiyası

 

Xəbər verdiyimiz kimi, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 3-də Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib.

Ağdam Konfrans Mərkəzində təşkil olunan sessiyadan əvvəl qonaqlar otuzillik işğal zamanı Ermənistan ordusunun rayon ərazisində basdırdığı minaların, kustar üsulla hazırlanmış partlayıcı qurğuların və partlamamış hərbi sursatların sərgisi ilə tanış olublar. Minatəmizləmə əməliyyatı haqqında qısa film nümayiş etdirilib.

Xüsusi sessiyaya Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev moderatorluq edib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev açılış nitqi ilə çıxış edib. Bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərimizin hər yerində olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında da bərpa-quruculuq işləri yüksək səviyyədə davam etməkdədir. Cari ilin sonuna qədər Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə sakinlərin köçü başlayacaq. “Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələsi üzrə, yəni 2026-cı ilin sonunadək Ağdamda 12 kənd və Ağdam şəhərində 5 yaşayış kompleksi inşa olunacaq.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Ağdam rayonu ərazisində vaxtilə yüzlərlə mədəni abidə olub. Təəssüflər olsun ki, indi həmin abidələri görə bilmirik. Otuzillik işğal ərzində Ağdamın zəngin mədəni-tarixi irsi dağıdılıb, məhv edilib, eləcə də Ermənistanın müxtəlif yerlərinə daşınıb. Əminəm ki, yaxın gələcəkdə Ağdam çiçəklənəcək, öz əzəmətini yenidən bərpa edəcək.

Nazir müavini bildirib ki, Ağdam dünyanın ən çox minalanmış ərazilərindən biridir. 2020-ci ilin Vətən müharibəsindən sonra 60-dan çox insan mina partlayışı nəticəsində həlak olub, 300-dən çox şəxs yaralanıb. Hazırda minaların təmizlənməsi ilə bağlı işlər davam edir. Bu prosesdə ANAMA təşkilatının gördüyü işlər təqdirəlayiqdir.

ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro ölkəsi Zimbabvenin minaların təmizlənməsi sahəsində təcrübələrini bölüşüb.

UNESCO üzrə Malta Milli Komissiyasının sədri, mədəni irs üzrə ekspert Raymond Bondin minaların qeyri-maddi mədəni irs nümunələrinə vurduğu ziyandan danışıb.

BMT-nin İnkişaf Proqramının (BMTİP) mütəxəssisi Qadeem Tariq sessiyanın əhəmiyyətini qeyd edib. Söyləyib ki, bu günə qədər Azərbaycan mina təhlükəsi, onun təsirləri ilə bağlı bir çox konfrans keçirib. Ümid edirik ki, bu gün təşkil edilən sessiya beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətinin cəlb edilməsinə müsbət təsir göstərəcək.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov düşmənin Qarabağa yerləşdirdiyi minalar haqqında məlumat verib. Qeyd edib ki, təkcə Ağdamda onlarla tarixi irs nümunəmiz minalanıb. Düşmən hətta qəbiristanlıqlara belə minalar basdırıb.

Sessiyadan sonra qonaqlar üçün ekskursiya təşkil edilib. Onlar Ağdam şəhərində işğal dövrünün dağıdıcı nəticələrini öz gözləri ilə görüb, aparılan bərpa-quruculuq işləri barədə məlumat alıblar. Qonaqlar Ağdam Dövlət Dram Teatrının qalıqlarına da baxıblar. İmarət kompleksində görülən işlərlə tanışlıqdan sonra təmir və bərpa edilən Ağdam Cümə məscidi ziyarət olunub.

Nurəddin