Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq Naxçıvanda film çəkilişlərinə başlayır.

Naxçıvana gələn çəkiliş heyəti mayın 2-də Naxçıvan MR mədəniyyət nazirinin müavini Həsən Seyidovla görüşüb. Nazir müavini hazırlanacaq filmin muxtariyyətin 100 illiyinə qiymətli töhfə olacağını deyib, Naxçıvan tarixinin, mədəniyyətinin təbliği baxımından əhəmiyyətini qeyd edib.

Filmin rejissoru Mikael Silkeberq Naxçıvanın zəngin bir tarixi olduğunu bildirib. Çəkiliş məkanları, filmdə rol alacaq naxçıvanlı aktyorlarla bağlı fikir mübadiləsi aparılıb.

“Nuhun ayaq izləri” adlı filmin çəkilişləri Haçadağ, Əshabi-kəhf ziyarətgahı, Əlincə qalası, Gəmiqaya, Möminə xatın türbəsi, Nuh peyğəmbər türbəsi və digər məkanlarda gerçəkləşəcək.