2–3 may tarixlərində Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə. Yeni dövrün Azərbaycanı” mövzusunda XV beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan, Türkiyə, Rusiya, Özbəkistan, Polşa və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə BSU-nun rektoru Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən danışıb.

Rektor konfransda Ulu Öndər Heydər Əliyev irsinə, azərbaycançılıq məfkurəsinə, Qərbi Azərbaycan məsələlərinə və digər mövzulara həsr olunmuş tədqiqatların, məruzələrin təqdim olunacağını bildirib.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən, ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edib. Y.Rəfiyev bu il COP29-un Azərbaycanda təşkil olunmasının əhəmiyyətini vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən, zəngin dövlətçilik təcrübəsinin, əbədiyaşar ideyalarının əhəmiyyətindən danışıb, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayıblar.

Çıxış edənlər, eyni zamanda, mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə məlumat verilib ki, beynəlxalq konfransa 190-dan çox məruzə təqdim olunub.

Daha sonra mövzu ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.