Müstəmləkə zamanı aparılan mədəni sərvət kirayə şəklində geri qaytarılır

 

Britaniya müstəmləkəçiliyi dövründə Qanadan qarət olunan mədəni sərvət – qızıldan hazırlanmış boyunluq lövhələr, qılınc, kral kürsüləri və s. ölkəyə qaytarılandan sonra ilk dəfə olaraq sərgilənib. İnsanlar qaytarılan sərvəti görməkdən ötrü Qərbi Afrika ölkəsinin bir çox yerlərindən Kumasi şəhərinə, keçmiş kral Asantehenenin iqamətgahına axışıb gəlirlər.

Qızıl əşyalar və ləl-cəvahirat müasir Qana Respublikası ərazilərinin 1821–1957-ci illərdə Britaniya müstəmləkəçiliyi altında olduğu dövrdə talan edilib. Əslində, onlar Qanaya həmişəlik deyil, kirayə şəklində qaytarılıb.

Böyük Britaniyanın bəzi əsas muzeylərinə öz kolleksiyalarının böyük hissəsini ötürmək və ya idarə etmək qanunla qadağan olunur. Odur ki, Londondakı Britaniya Muzeyindən, eləcə də Viktoriya və Albert Muzeyindən 32 eksponat kirayə hüququna müvafiq olaraq Qanadadır.

“Biz imperiya münaqişəsi və müstəmləkəçiliyin yara vurduğu bu əşyaların əldə olunması ilə bağlı ağrı-acılı tarixi etiraf edirik”, – deyə sərginin açılışında Viktoriya və Albert Muzeyinin direktoru Tristram Hant qeyd edib.

Bir qədər əvvəl Kaliforniya Universitetinin (ABŞ) muzeyi də bir qisim artefaktı Qanaya qaytarıb.