Böyük Britaniyada ənənəvi olaraq təşkil olunan “Vindzor Kral Atçılıq Şousu”nda (1–5 may) Azərbaycan nümayəndə heyəti bu il də böyük coşqu ilə qarşılanan proqramla iştirak edib.

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyəti 1–5 may tarixlərində keçirilən tədbirə qatılıb.

Qarabağ atları, milli musiqimiz və Azərbaycan rəqslərindən ibarət “Koroğlu” adlı şou-kompozisiya izləyiciləri heyran edib. 100 mindən artıq tamaşaçının izlədiyi şou-kompozisiyada Koroğlu rolunu Xalq artisti Yusif Eyvazov və Əməkdar artist Tural Ağasiyev, Nigar rolunu Əməkdar artist Afaq Abbasova və Fatimə Cəfərzadə peşəkarlıqla ifa ediblər.

Milli musiqi alətlərimizlə səslənən “Qarabağ cəngisi”nin sədası altında Əməkdar artist Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” rəqs ansamblının ifası, DSX süvarilər dəstəsinin Qarabağ atları üzərində hünər nümayişi böyük maraq doğurub. Şou müddətində süvarilərimiz Azərbaycanın və Böyük Britaniyanın bayraqlarını dalğalandırıblar.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə qurulan, tarix və mədəniyyətimizi, milli xalçaçılıq sənətini tərənnüm edən “Azerbaijan Cultural” tenti də maraqla qarşılanıb.

Kral ailəsinin üzvlərinin də iştirak etdiyi Azərbaycan naharında milli mətbəximizin ləziz nümunələri təqdim olunub. Nahar zamanı təmsilçilərimizin ifasında şou-kompozisiya maraqla izlənilib.

“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Kralı III Çarlz ilə görüşüb. Krala tanınmış heykəltaraş Faiq Hacıyevin “Zəfər adlı Dilbaz atı” əsəri və Rəssamlar İttifaqının üzvü Elnur Mahmudovun qədim gümüş alətlərinin təsvir olunduğu rəsm əsəri hədiyyə edilib.

Mayın 4-də Elçin Camallının baş məşqçisi və kapitanı olduğu “Land of Fire” komandası ilə Böyük Britaniyanın “Guards Polo Club” komandası arasında yoldaşlıq oyunu baş tutub. Dünya atçılığına çövkən oyununu bəxş etmiş Azərbaycanın təmsilçiləri ilə Avropada polo oyununun təşəkkül tapdığı Böyük Britaniyanın komandası arasında ilk yoldaşlıq görüşü komandamızın xeyrinə 6:4 hesabı ilə başa çatıb.