Kino Agentliyi də xüsusi mükafata layiq görülüb

 

2-3 may tarixlərində Türkiyənin İzmir şəhərində ilk dəfə “Qızıl alma” Beynəlxalq Turan Film Festivalı keçirilib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi, TÜRKSOY və Ege Universitetinin təşkilatçılığı ilə gerçəkləşən festivalda Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və digər ölkələrdən filmlər  iştirak edib.

Ekran işləri Türk dünyasının kino xadimlərindən ibarət münsiflər heyəti tərəfindən 13 kateqoriya üzrə qiymətləndirilib. Münsiflər heyətində Azərbaycandan “Hoçazfilm” studiyasının (Laçın şəhəri) direktoru Amil Amal (Amil Məmibəyli) da olub.

O deyib ki, festivalda Azərbaycandan iştirak edən ekran işlərindən Zamin Məmmədovun “Səs” (“Ən yaxşı film”) və Ruslan İbrahimlinin “Qara bulud” (“Gənc istedad” kateqoriyası üzrə mükafat) filmləri mükafata layiq görülüb.

Festivalın “İnsan haqlarına töhfə” mükafatı Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, “Kino sənətinə töhfə” mükafatı isə Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) verilib.

Festivalda Qazaxıstandan “Lullaby” (“Ninni” – rejissor Dilşad Rahmatullin), Qırğızıstandan “Hope” (“Ümid” – Saule Mukanbetova), Özbəkistandan “Taste of Grapes” (“Üzümün dadı” – Dmitri Lebedev), Türkiyədən “Ənənə” (Ali Rza Bəyazid), Türkmənistandan “Ümid” (İsgəndər Muhammet Annamuhammedov) və İrandan “Golinin ən böyük macərası” (Elika Mehranpur) filmləri qalib olub.

“Bizim üçün sevindirici məqamlardan biri də “Qızıl alma” festivalının estafetinin Azərbaycana ötürülməsi oldu. “Hoçazfilm” olaraq növbəti festivalın təşkilində iştirak etməyi planlaşdırırıq”, – deyə Amil Amal bildirib.

Onu da qeyd edək ki, Amil Amal münsiflər heyətinin üzvü kimi Ege Universiteti tərəfindən xüsusi mükafata layiq görülüb.

Festival çərçivəsində Türkiyə Dövlət Arxivləri Baş İdarəsinin “Səssiz şahidlər: türk boylarına səyahət” mövzusunda fotosərgisi keçirilib. Türk dünyasının ortaq dəyər və mədəniyyətini özündə əks etdirən sərginin qarşıdakı dövrdə TÜRKSOY-a üzv digər ölkələrdə də açılması nəzərdə tutulur.

Ege Universiteti Atatürk Kültür Mərkəzində keçirilən mükafatlandırma mərasimində türk xalqlarının milli rəqsləri nümayiş etdirilib, musiqilər səsləndirilib.

***

Festivalda “Kino sənətinə töhfə” mükafatına layiq görülən ARKA da bu barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, son vaxtlar Kino Agentliyi türkdilli dövlətlərdə keçirilən müsabiqə və festivallarda yaxından iştirak edir. “Qızıl alma” festivalının TÜRKSOY və ARKA tərəfindən dəstəklənməsi bu istiqamətdə tədbirlərdən biridir. ARKA növbəti “Qızıl alma” festivalını Azərbaycanın işğaldan azad olunmuş ərazilərində keçirmək niyyətindədir.

Məlumatda o da vurğulanır ki, Türk dünyasının kino bazarı Azərbaycan film istehsalçıları üçün də maraq kəsb edir. Bu istiqamətdə bir neçə film Qazaxıstan, Türkiyə bazarında nümayiş olunsa da, müəyyən problemlər ucbatından bu proses yarımçıq qaldı. Kino Agentliyi bu problemlərin aradan qaldırılması üçün yerli filmlərin xarici dillərə altyazı və səsləndirmə ilə tərcüməsini həyata keçirməyi planlaşdırır.

Lalə Azəri