Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı təqdim olunub. Konsert Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyinə həsr edilib.

Konserti Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər.

Proqram Heydər Əliyev Fondunun fəaliyyətinə, mədəniyyət sahəsində gördüyü işlərə dair videoçarxın nümayişi ilə başlayıb. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondu 2004-cü ildə Ulu öndərin siyasətini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılıb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond 20 il ərzində çoxsaylı uğurlara nail olub, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə ciddi islahatların aparılmasına töhfəsini verib. Heydər Əliyev Fondu ölkəmizin dünyada təbliği və zəngin dəyərlərimizin tanıdılması istiqamətində də fəaliyyət göstərir.

Fondun yubiley konserti həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyıb. 20 yaşı tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, onların təhsil almasına, beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, milli, klassik və caz musiqisi ilə bağlı layihələri, müxtəlif musiqi festivalları yeni istedadların üzə çıxarılmasına, onların inkişafına təkan verib.

Konsert proqramında məhz bu incəsənət xadimləri – yaradıcılıqlarında Heydər Əliyev Fondunun iz qoyduğu, dəstək göstərdiyi sənətçilər: Azər Zadə (vokal), Azər Zeynalov (vokal), Ceyla Seyidova (violin), Elçin Əzizov (vokal), Emil Əfrasiyab (piano), Elvin Hoca Qəniyev (violin), Fərhad Bədəlbəyli (piano), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Samir Cəfərov (vokal), Təyyar Bayramov (xanəndə), İlham Nəzərov (vokal) və digərləri çıxış ediblər.

Hər bir ifaçının çıxışından əvvəl onların Azərbaycan mədəniyyətinin hamisi olan Heydər Əliyev Fonduna təbriklərini əks etdirən qısa videomaterial təqdim olunub.

İfaçıları Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijorlar:  Xalq artisti Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov, Mustafa Mehmandarov) müşayiət edib.

Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Xalq artisti Gülbacı İmanova) və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının xor kollektivinin (bədii rəhbər Dilarə Əliyeva) iştirakı da konsertə xüsusi rəng qatıb.

Gecədə Azərbaycan və dünya bəstəkarlarının əsərləri ilə yanaşı, xalq mahnılarımız, təsnif və muğamlarımız, eləcə də bir sıra filmlərimizə yazılmış bənzərsiz musiqilər səsləndirilib. Yubiley konsertinə “Qarabağ” şikəstəsi ilə yekun vurulub.