Mayın 7-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Xalq yazıçısı İsmayıl Şıxlının (1919–1995) anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir keçirilib.

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova görkəmli yazıçının həyat və fəaliyyətindən danışıb, onun tarixi şəxsiyyət kimi Azərbaycanın müstəqilliyi yolunda böyük xidmətlərinin olduğunu vurğulayıb.

Sonra İsmayıl Şıxlının 105 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında İsmayıl Şıxlı yaradıcılığının çox zəngin olduğunu bildirib. Qeyd edib ki, yazıçının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında bu janrın ən uğurlu nümunəsidir. XIX əsrdə baş verən mürəkkəb tarixi proseslərdən geniş şəkildə bəhs edən əsər Azərbaycan ədəbiyyatı üçün olduqca böyük önəm daşıyır.

Filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli, “Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan dünyası” jurnalının təsisçisi Eldar İsmayıl, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko və digər çıxış edənlər ədibin yaradıcılığından söhbət açıblar.

Qeyd edilib ki, ədəbiyyat tariximizə dəyərli əsərlər bəxş etmiş İsmayıl Şıxlı həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında, müstəqillik hərəkatında mühüm fəaliyyət göstərib, fəal ictimai-siyasi xadim olub.

Sonda çıxış edən ədibin oğlu, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı atasının ömür yolundan bəhs edib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.