Ankara Keçiören Bələdiyyəsi Hıdırellez mövsümi bayramı münasibətilə beynəlxalq mədəniyyət festivalı keçirib.

Festival çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndəlikləri milli stendlərini təqdim ediblər.

Ölkəmizi tədbirdə səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Qonaqlar Azərbaycan stendində milli mədəniyyətimizə dair suvenirlər, nəşrlərlə tanış olub, milli mətbəximizə aid yemək və şirniyyatlara qonaq ediliblər.

Keçiören Bələdiyyəsinin sədri Mesut Özarslan Türk dünyasında baharın gəlişi kimi qeyd olunan Hıdırellez bayramı haqqında məlumat verərək, unudulmaqda olan adət və ənənələrin bərpasının önəmindən danışıb, bu bayramların gözəl ənənələrin göstəricisi olduğunu söyləyib.

İştirakçı ölkələrin diplomatları, o cümlədən Azərbaycan səfiri Rəşad Məmmədov bələdiyyənin fəxri diplomu ilə təltif olunub.

Bədii proqramda bir sıra ölkələrin rəqs kollektivləri milli rəqslərini təqdim ediblər. AMM-in təqdimatı da maraqla qarşılanıb. Konsert proqramından sonra Hıdırellez bayramının müxtəlif adət-ənənələri icra olunub.