Naxçıvan Dövlət Filarmoniyasının Estrada orkestri mayın 7-də Türkiyənin Ərzurum şəhərində konsert proqramı ilə çıxış edib.

Konsert Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təşkil olunub.  

Azərbaycan Respublikasının Qars Şəhərindəki Baş Konsulluğunun dəstəyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türkiyə- Azərbaycan  dostluq konserti İbrahim Erkal Dadaş Mədəniyyət və Sənət Mərkəzində gerçəkləşib.

Musiqili gecədə Müslüm Maqomayevin “Azərbaycan”, Fikrət Əmirovun “Reyhan”, Aytən Alpmanın “Məmləkətim”, Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz”, Emin Sabitoğlunun “Həyat bizimdir”, Elza İbrahimovanın “Ey Vətən”, Xanım İsmayılqızının “Dahi”, Kamalın “Xalq Heydər deyəcək”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə”, Ramiz Mirişlinin “Səadət” əsərləri, eləcə də xalq mahnıları və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib.

Filarmoniyanın solistləri Emin Hüseynov, Nərmin Hüseynova, Bəhruz Quliyev, Əfsanə Babayevanın ifa etdiyi musiqi nömrələri ərzurumlu sənətsevərlər tərəfindən yüksək əhvali-ruhiyyə ilə qarşılanıb.

Bildirək ki, kollektiv Türkiyəyə səfəri gedişində mayın 9-da Ərzincan şəhərində, ayın 12-də isə Ordu şəhərində konsert proqramı ilə çıxış edəcək.