Mayın 9-u dünya tarixinin ən qanlı-qadalı altı ilində (1939–1945) 50 milyondan çox insanın həyatına son qoyan İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 79-cu ildönümüdür.

Nasizm üzərində qələbənin qazanılmasında müharibə illərində ön cəbhədə, o cümlədən arxa cəbhədə igidlik göstərən, 600 mindən çox oğul və qızını cəbhəyə yola salan, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycan xalqının da rolu və xidmətləri danılmazdır.

Bu müharibəyə Azərbaycandan gedən 170 mindən artıq əsgər və zabiti müxtəlif orden və medallarla təltif olunub, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Azərbaycanın təbii sərvətləri, xüsusilə neft ehtiyatları nasizmə qarşı aparılan mübarizədə qələbənin təmin olunmasında həlledici rol oynayıb. 1941-1945-ci illərdə Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. Cəbhənin tələbatını ödəmək naminə gecə-gündüz çalışan neftçilərimizin əvəzsiz xidməti sayəsində istehsal olunan məhsullar müharibənin taleyində həlledici rol oynayıb.

9 May – Qələbə Günündə nasizm təhlükəsinə qarşı mübarizə aparmış hər kəsin, o cümlədən İkinci Dünya müharibəsi dövründə misilsiz şücaət və fədakarlıq nümayiş etdirən qəhrəman həmvətənlərimizin əziz xatirəsi bir daha yad olunur.