F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Bakı Dövlət Universiteti (BDU) Şərqşünaslıq fakültəsinin regionşünaslıq ixtisası üzrə istehsalat təcrübəsində olan IV kurs tələbələrinin təqdimat tədbiri keçirilib.
Tədbirdə Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan, Ərəb filologiyası kafedrasının müdiri dosent Vüqar Qaradağlı, filologiya üzrə fəlsəfə doktoru Mehman Tarverdiyev, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş eksperti Mustafa Əliyev, Prezidentin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin Beynəlxalq əməkdaşlıq, tərcümə və ictimai əlaqələr bölməsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva, tələbələr və kitabxana əməkdaşları iştirak ediblər.
Kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında bildirib ki, istehsalat təcrübəsində iştirak edən tələbələr kitabxananın xarici ədəbiyyat bölməsinə aid 300 adda ərəb və fars dillərində yazılmış Misir, Suriya, Livan, Tunis, İraq, İordaniya və İran uşaq ədəbiyyatından nümunələri dilimizə çevirərək məlumat xarakterli araşdırmalarını təqdim edirlər.
Fakültənin tələbələri Muhammədəli Axundov “Ərəb və fars dilli uşaq ədəbiyyatından mülahizələr”, Kamran Rəhmanlı isə “Ərəb və ərəb uşaq ədəbiyyatı” adlı mövzuda təqdimatı diqqətə çatdırıblar. Təqdim olunan videoçarxlarda qeyd olunmuş ölkələrin tarixi, coğrafiyası və ədəbiyyatı, xüsusilə uşaq ədəbiyyatının təşəkkül tapması və inkişafı haqqında məlumat verilib. Həmçinin adıçəkilən ərəb ölkələrində müasir uşaq ədəbiyyatının inkişaf prosesi və tanınmış yazarlar haqqında da söz açılıb, tərcümə olunmuş nağıl, hekayə və şeirlərdən nümunələr səsləndirilib.
Təqdimatdan sonra ekspertlər öz fikir və tövsiyələrini bildirib, tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.