Beynəlxalq Muzeylər Günü (18 may) bu il də ölkəmizdə müxtəlif tədbirlərlə yadda qaldı. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 47 il öncə – 1977-ci ildə təsis edilən əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur. Bu ilin mövzusu “Muzeylərdə təhsil və tədqiqat” adlanırdı.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il də Beynəlxalq Muzeylər Günündə muzeylərdə “açıq qapı” elan olundu. Əlamətdar günlə bağlı paytaxtda və bölgələrdə fəaliyyət göstərən muzeylərdə müxtəlif tədbirlər keçirildi.

Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi üzrə şairə Xurşidbanu Natəvanın Ağdamda və Şuşadakı heykəllərinin tarixçəsindən bəhs edən film (Azərbaycan və ingilis dillərində) nümayiş olunub.

Muzeydə həmçinin 1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası haqqında mühazirə, “Gizli və aşkar” sərgisi çərçivəsində inklüziv ustad dərsi, “Uşaqlar üçün incəsənət tarixi” və “Kamin ətrafında hekayətlər” adlı layihələr həyata keçirilib. “Açıq qapı” günündə muzeyin ümumilikdə 4735 ziyarətçisi olub.

***

Azərbaycan Milli Xalça Muzeyini həmin gün 4981 nəfər ziyarət edib. Onlar üçün Azərbaycan dilində ödənişsiz ekskursiyalar təşkil olunub.

Muzeydə dahi şair Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Sənətdə bənzərsiz eşq” sərgisi açılıb. Sərgidə Xalq rəssamları Lətif Kərimov, Eldar Mikayılzadə, Aydın Rəcəbov, sənətşünaslıq üzrə elmlər namizədi Cəfər Müciri və rəssam Gülmurad Bəbirovun dahi şairə həsr olunan xalçaları nümayiş etdirilir. Ekspozisiyada həmçinin Xalq rəssamı Kamil Əliyevə aid “Füzuli” xalçasının eskizi, Rafiq Qəmbərovun “Füzuli” dekorativ pannosu, həmçinin ilk dəfə olaraq görkəmli sənətkar Lətif Kərimovun Füzuliyə dair kitablara verdiyi bədii tərtibatlardan elementlər yer alır. Xalça Muzeyinin kolleksiyasından olan nümunələrin sərgisi mayın 30-dək davam edəcək.

Muzeyin balaca dostları üçün isə Uşaq şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Leyli və Məcnun” kölgə teatr tamaşasının premyerası, ustad dərsləri keçirilib.

***

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini “açıq qapı” aksiyası zamanı 1500 nəfərə yaxın şəxs ziyarət edib.

Muzeyin Xaqani Şirvani adına Aran regional filialında “açıq qapı” günündə şəhid ailələri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri muzeyin zəngin ekspozisiya ilə tanış olublar.

***

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeydən təhsilə” adlı tədbir keçirilib. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi şagirdlərinin iştirak etdiyi tədbirdə muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova açılış nitqi söyləyib. Muzeyin və onun bütün filiallarının fəaliyyəti, ali və ümumtəhsil müəssisələri ilə əməkdaşlıq haqqında məlumat verilib.

Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasının tələbə və şagirdlərinin ifalarında muzey əməkdaşlarının elmi araşdırmaları nəticəsində aşkara çıxarılıb redaktə və nəşr etdirdiyi əsərlərdən ibarət konsert proqramı təqdim olunub.    

Muzeyin Qədim musiqi alətləri ansamblı da konsert proqramı ilə çıxış edib. Eyni zamanda xüsusi internat məktəbinin musiqi qabiliyyətli şagirdləri ansamblın müşayiəti ilə öz məharətlərini göstəriblər.

***

Milli Azərbaycan Tarixi Muzeyində “Muzey eksponatları şagirdlərin rəngli dünyasında” layihəsi çərçivəsində mayın 16-da “Naxçıvanın maddi mədəni irsi muzey arxeologiyası və etnoqrafiyası müstəvisində” adlı sərgi-tədbir keçirilib. 5 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi şagirdlərinin muzey eksponatları əsasında çəkdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.

Mayın 17-də muzeydə “Breyn-rinq” intellektual yarışması keçirilib. Muzeylə bərabər, bir sıra qurumların təmsil olunduğu yarışmada 8 komanda öz biliyini nümayiş etdirib. Qaliblər mükafatlandırılıb.

Bundan başqa, muzey Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bir muzeyin sirri” adlı layihədə iştirak edib.

Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunan “açıq qapı” aksiyasında muzeyi 2050 nəfər ziyarət edib.

***

Mayın 18-də Azərbaycan İstiqlal Muzeyində konsert proqramı təşkil olunub. Uşaq İnkişaf Mərkəzi nəzdində fəaliyyət göstərən “İnklüziv Art Studio”nun uşaqları çıxış edib, çəkdikləri rəsmlər sərgilənib.

Ziyarətçilərə eksponatlar haqqında ətraflı məlumat verilib. “Açıq qapı” günündə muzeyi 2200 nəfər ziyarət edib.

***

Əlamətdar gün və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi mayın 18-də “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib.

Muzeyin və 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ekoloji problemlər ətrafında söhbət aparılıb. Mərkəzin təsviri sənət qalereyasının dərnək üzvləri təbiətə qayğı mövzusunda rəsmlər çəkiblər.

***

Bülbülün Memorial Muzeyində keçirilən tədbirdə muzeyin direktoru Fərqanə Cabbarova əlamətdar günün tarixi haqqında məlumat verib, həmkarlarını və muzeysevərləri bayram münasibətilə təbrik edib.

Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

***

Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində “Muzeydə istedadını kəşf et və təcrübə qazan” adlı ustad dərsləri təşkil edilib. Mütəxəssislər tərəfindən gənclərə bəstəkarlıq, aktyorluq və “Oyun dizayneri” (“Game designer”) üzrə dərslər keçilib.

“Açıq qapı” günündə muzeyi çoxsaylı yerli vətəndaşlar və xarici qonaqlar ziyarət ediblər. Muzey əməkdaşları tərəfindən qonaqlara Azərbaycan, rus və ingilis dillərində ekskursiyalar keçirilib. Muzeydə gün boyu klassik musiqilər səsləndirilib.

***

18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Cəlil Məmmədquluzadənin Ev-Muzeyində də "açıq qapı” elan edilib. Həmin gün Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən və Bakı Avrasiya Universitetindən tələbələr, 272 saylı tam orta məktəbin müəllim və şagird kollektivi və digər qonaqlar muzeyi ziyarət ediblər.

Muzeyin əməkdaşları Yeganə Məmmədova, Fazilə Hümbətova, Yeganə Məhərrəmova tərəfindən "Ulu öndər Heydər Əliyev və Cəlil Məmmədquluzadənin Ev-Muzeyi", "Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı", "Molla Nəsrəddin” milli-mənəvi sərvətimizdir” mövzularında mühazirələr oxunub.

Tamaşaçılar muzeyin foyesində “Cəlil Məmmədquluzadə - "Molla Nəsrəddin” adlı sərgini ziyarət ediblər. Həmin gün muzeyin 250 nəfərə yaxın ziyarətçisi olub.

Nurəddin