Mayın 21-də Azərbaycan Milli Xalça Muzeyində Latviyanın Yanis Akuraters Muzeyi üçün toxunan Qarabağ qrupuna aid “Dəryanur” xalçasının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Latviya Parlamentinin sədri Daiga Mierina, Latviyanın Xatirə Muzeyləri Birliyinin direktoru Rita Meinerte, Yanis Akuraters Muzeyinin direktoru Maira Valtere çıxış ediblər.

2023-cü ildə Azərbaycan Milli Xalça Muzeyi və Xatirə Muzeyləri Birliyi arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilən birgə layihənin iki ölkə arasında mədəni əlaqələrə töhfə olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Yanis Akuraters Muzeyində qorunan ağ-qara arxiv fotosunda əksini tapan xalça azərbaycanlı və xarici ekspertlər tərəfindən təhlil edilib, onun Qarabağ qrupuna aid “Dəryanur” xalçası olması, materialı, rəngləri və ölçüsü müəyyənləşdirilib. Vaxtilə Yanis Akuratersin evində yer alan həmin sənət nümunəsi Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində yenidən toxunub.

Sonra qonaqların iştirakı ilə “Dəryanur” xalçasının hanadan kəsimi mərasimi keçirilib, bu sənət nümunəsinin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürnamə təqdim olunub.

Layihənin rəhbəri Əməkdar mədəniyyət işçisi Şirin Məlikovadır.