Dünən Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin həyat və fəaliyyətindən, istedadlı insanların yaratdığı dəyərli irsdən bəhs edən “Silinməz izlər” seriyasından ikinci kitab - publisist Rəhilə Gülgünün qələmə aldığı “Xəbərin rəngi” kitabının təqdimat mərasimi keçirildi.
   
   Seriyanın “Göylər adamı” adlı ilk kitabı görkəmli yazıçı, pedaqoq Mir Cəlal Paşayev haqqındadır. “Xəbərin rəngi” isə görkəmli jurnalist, dövlət xadimi, pedaqoq Nəsir İmanquliyevin həyat və yaradıcılığından, eyni zamanda onun çağdaş mətbuatımıza örnək ola bilən meyarlarından bəhs edir.
   Nəsrulla (Nəsir) Əsəd oğlu İmanquliyev 1911-ci ildə Bakı şəhərində doğulub. Hələ Neft Texnikumunda oxuduğu vaxtlarda “Kommunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb.
   1942-ci ildə siyasi işçi kimi müharibənin Krım cəbhəsinə göndərilib, “Döyüşən Krım” qəzetində məsul katib və hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib.
   Bir il sonra arxa cəbhəyə göndərilərək “Kommunist” qəzetində məsul katib işləyib və çoxsaylı vətənpərvər ruhlu yazılarla mətbuatda çıxış edib.
   1947-ci ildən Azərbaycan Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, eyni zamanda universitetin filologiya fakültəsində təhsilini davam etdirib.
   Ustad redaktor Nəsir İmanquliyev ötən əsrin 60-90-cı illərinin mətbuat tarixində böyük rol oynamış “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və baş redaktoru olub.
   Onun həyat və yaradıcılıq yolunu əks etdirən maraqlı məqalə və fotoşəkillərin toplandığı kitabın təqdimat mərasiminin keçirildiyi 22 dekabr həm də böyük ustadın doğum günüdür.
   Mərasimin aparıcısı, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid N.İmanquliyevlə bağlı ürək sözlərini bildirdi: “İki qəzetin baş redaktoru olmaq və həm də bu qəzetləri uzun müddət xatirələrdə yaşada bilmək böyük əziyyətin, istedadın nümunəsi idi. Rəhilə xanımın kitabında Nəsir müəllimin pedaqoq kimi fəailiyyəti də geniş yer alıb. Nəsir İmanquliyevin yazdıqları, eləcə də xəbərə baxış, qəzetdə xəbərin hansı şəkildə verilməsi kimi məsələlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Xüsusilə “Baki” və “Baku” qəzetlərində Nəsir müəllimin fəaliyyəti, onunla bir yerdə çiyin-çiyinə işləyən Şamil Şahməmmədov və Qüdrət Piriyevin məqalələri ustad redaktorun iş prinsiplərini, iş metodlarını açıq-aydın göstərir. Bu kitabda həmçinin, o vaxt “Bakı” qəzetində dərc edilən, xalqın bir sıra taleyüklü məsələlərinə həsr olunmuş məqalələr də yer alıb”.
   Daha sonra söz mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verildi. Nəsir İmanquliyevi dərin hörmətlə yad edən nazir, kitabın onun doğum günündə geniş ictimaiyyətə təqdim edilməsini xoş bir təsadüf kimi qiymətləndirdi: «Bildiyiniz kimi, bu, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Silinməz izlər” seriyasından nəşr olunan ikinci kitabdır. Peşəkarcasına qələmə alınan bu kitaba görə Rəhilə xanıma dərin təşəkkürümü bildirirəm. Nəsir İmanquliyev haqqında danışarkən yəqin ki, onun yaşadığı dövr haqqında da düşünməliyik. Hamıya məlumdur ki, “Bakı” və “Baku” qəzetləri 60-cı illərdə fəaliyyətə başladı. Həmin dövrdə Bakı mühitinin formalaşmasında məhz bu qəzetlərin özünəməxsus rolu və yeri olub. Məhz o illər Azərbaycanın bu günkü artan nüfuzuna, inkişafına bir körpü olmuşdur. O körpünün sütunları üzərində bir ailənin yetirmələri durur. Kitabı vərəqləyərkən gözümün qarşısına Aida İmanquliyevanın əziz xatirəsinə həsr olunmuş beynəlxalq simpozium gəldi. Hər hansı bir sahəni götürsək, biz bu insanların həqiqətən də silinməz izlər qoyduqlarını unutmamalıyıq”.
   Daha sonra BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, “Ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşov, publisist Zemfira Məhərrəmli, xalq şairi Zəlimxan Yaqub, qocaman jurnalist Əli İldırımoğlu, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Nəsir İmanquliyev yaradıcılığından, onun qoyub getdiyi örnək jurnalistika məktəbindən danışdılar.
   Tədbirin sonunda söz “Xəbərin rəngi” kitabının müəllifi Rəhilə Gülgünə verildi: “Bu gün burada Nəsir müəllimlə çiyin-çiyinə işləmiş insanlar onun haqqında xoş xatirələrlə çıxışlar edərək sanki onun portretini yaratdılar. Bu gün biz onu sanki aramızda hiss etdik. Mən öz sözümü bu kitabda ürəyimin istisiylə, oduyla deməyə çalışmışam”.
   Sonda geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab tədbir iştirakçılarına hədiyyə edildi.
   Yeganə CANSAİL