“Külək qarı səpələr” və “Öncə yer vardı” kitabları təqdim olundu
   
   Mayın 4-də Mədəniyyət və Turizm Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan Mədəniyyət Evində faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş tədbir keçirildi.
   
   Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat şöbəsinin müdiri Vaqif Bəhmənli, Abşeron Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini İradə Gülməmmədova, rayon Mədəniyyət və turizm şöbəsinin müdiri İlham Manafov, şairlər İlyas Tapdıq, Oktay Rza, Musa Yaqub, Məlahət Yusifqızı, Maarif Soltan, Ağacəfər Həsənli, yazıçı-dramaturq Aqşin Babayev, Abşeron rayonunun veteranları, mədəniyyət, təhsil işçiləri iştirak edirdilər.
   Öncə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova bildirdi ki, Böyük Vətən müharibəsində (1941-1945) Qələbənin 65 illiyi münasibətilə respublikamızın bütün regionlarında olduğu kimi, Abşeron rayonunda dövlət səviyyəsində tədbirlər qeyd edilir: “Bu müharibədə böyük şücaət göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlər arasında Abşeronda doğulub böyümüş həmyerlilərimiz Mehdi Hüseynzadə və Mikayıl Ələkbərov da var”.
   Sonra tədbirdə Azərbaycan yazarlarının Böyük Vətən müharibəsindən bəhs edən əsərlərindən ibarət “Külək qarı səpələr” kitabının tərtibatçısı Maarif Soltan çıxış etdi. O, Qələbənin 65 illiyi münasibətilə hazırlanmış iki kitab haqqında məlumat verdi: “Yazarlarımızın əsərlərindən ibarət “Külək qarı səpələr” toplusunun və Lidiya Obuxovanın Azərbaycan dilinə tərcümə olunmuş “Öncə yer vardı” kitabının Abşeron rayonunda təqdim olunması bizi sevindirir. Tədbirin təşkilinə görə, Mədəniyyət və Turizm Nazirliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə təşəkkürümüzü bildiririk”.
   Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli tədbir iştirakçılarını və veteranları salamladıqdan sonra qeyd etdi ki, burada iştirak edən ağsaqqal veteranların faşizm üzərində Qələbənin əldə olunmasında böyük zəhmətləri olub: “Biz onlara bugünkü həyatımıza görə borcluyuq. Bu böyük Qələbədir. Bu qələbədə Azərbaycan övladlarının şərəfli payı var. Veteranlarımıza dövlət qayğısı ilbəil artır, 9 may - Qələbə Günü dövlət səviyyəsində qeyd olunur. Bu gün sizlərə təqdim olan kitablar da Böyük Qələbəyə verilən yüksək dəyərin nümunəsidir”.
   Daha sonra tədbirdə “Külək qarı səpələr” kitabında dərc olunan şeirlərdən parçalar oxundu.
   
   İntiqam Hacılı