Londonda fəaliyyət göstərən “Azərbaycan Evi” mədəniyyət və dostluq mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən bildiriblər ki, tədbirdə London şəhər ictimaiyyətinin, Britaniyadakı azərbaycanlı icmasının nümayəndələri və səfirliyin əməkdaşları iştirak ediblər.
   “Azərbaycan Evi” idarə heyətinin sədri Əli Təkin Atalar görkəmli bəstəkarın həyat və yaradıcılığından, XX əsr Azərbaycan musiqisinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.
   Səfir Fəxrəddin Qurbanov Üzeyir bəyin Azərbaycan klassik musiqisinin əsasını qoyduğunu deyib və onun bir ziyalı kimi fəaliyyətindən söhbət açıb. Səfir Ü.Hacıbəylinin Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli ziyalılardan biri və bütövlükdə müsəlman Şərqində klassik musiqi sənətinin bir çox yeniliklərinin məhz onun adı ilə bağlı olduğunu vurğulayıb.
   Üzeyir Hacıbəylinin ömür yolundan, həyat və yaradıcılığından bəhs edən videotəqdimat geniş ekranda nümayiş etdirilib.
   Sonra bu ölkədə yaşayan gənc ifaçılar Nəzrin Rəşidova və Ayan Salahova Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından “Əsgərin ariyası”nı, Qara Qarayevin “Adagio” əsərlərini ifa ediblər, Məhəmməd Ənsari və Fərhad Əmirinin ifasında bir sıra musiqi parçaları səsləndirilib.