Oktyabrın 18-də Astanada Mənəvi mədəniyyət üzrə Dünya Forumu öz işinə başlayıb. Tədbirdə dünyanın 71 ölkəsindən gəlmiş ictimai-siyasi, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, dünya şöhrətli alimlər, elmi-mədəni elitanın nümayəndələri iştirak edirlər.
   
   400-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, ölkəmizin Polşadakı səfiri Həsən Həsənov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, tarix elmləri doktoru Zaur Həsənov, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Maya Bədəlbəyli və digər şəxslər təmsil edirlər.
   Forum iştirakçılarını Qazaxıstan Senatının sədri Qasımcomərt Tokayev salamlayıb, Prezident Nursultan Nazarbayevin müraciətini oxuyub. Müraciətdə deyilir: “Əminəm ki, Mənəvi mədəniyyət üzə Dünya Forumunun keçirilməsi mənəviyyatın gücləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, müasir dünyanın sivil yolla inkişafında mühüm addım olacaq”.
   Forum oktyabrın 20-də işini başa vuracaq.