Misirin Bakıdakı Mədəniyyət Mərkəzi seminar keçirib
   
   Oktyabrın 28-də Misir Ərəb Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Quran üslubu və onun ərəb dilinə təsiri“ mövzusunda seminar keçirilib. 
   Seminarı giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş bildirib ki, “Quran” bəlağət sahibi olan ərəb ədiblərinin və öndə gedən ədiblərin nəzərində gözəl canlı ədəbiyyatın yeni bir surətidir. Ərəb dili həqiqətən ən qədim dillərdəndir. Bu dil Allahın bizlərə öyrətdiyi dildir.
   Misirin Azərbaycandakı səfiri Sabir Əbdülqədir Mənsur mövzunun əhəmiyyətindən danışıb, Qurani-Kərimin mənalarının sonsuz olduğunu və bunun möcüzə olaraq nazil edildiyini vurğulayıb. Sonra filologiya elmləri namizədi İmamverdi Həmidovun, Bakı Dövlət Univesrsitetinin şərqşünaslıq fakültəsinin dosenti Nəsrulla Məmmədovun və başqalarının mövzu ilə bağlı məruzələri dinlənilib. Diqqətə çatdırılıb ki, ərəb dilinin məhv olmaqdan qorunmasında, onun qüvvətləndirilməsi və mükəmməlliyə doğru tərəqqisində, ərəb dili şivələrinin birləşməsi və digər məsələlərdə Qurani-Kərimin böyük təsiri olub.