Mədəniyyət və Turizm Nazirliyinin 2 fevral - Gənclər Gününə həsr etdiyi «Gəncliyin səsi» adlı silsilə tədbirlər davam edir.
   
   Gənc Tamaşaçılar Teatrında «Qurama», «Artmaster» və «Canlı klip»
   
   Yanvarın 31-də Dövlət Gənc Tamaşaçılar Teatrında gənc rəssamların «Qurama» adlı sərgisi keçirildi. Sərgidə iştirak edən rəssamlar bildirdilər ki, rənglərin harmoniyasını göstərməklə sərgiyə qonaq olan insanları bu əsərlərdən estetik zövq almağa dəvət edirlər. Tamaşaçı bu əsərlərə baxanda rənglərin ahəngindən xəyallara dalır. Sərgidə Anar Hüseynzadə, Emin Əsgərov, Hüseyn Bağırov, Ramina Səadətxan və Ülvi Musayevin əl işləri sərgiləndi.
   Bu məkanda növbəti tədbir «Artmaster» videoart layihəsinin təqdimatı oldu. Bu layihədə rejissor Samir Kərimoğlu, Samir Fərzəlibəyov, Aleksandr Melnikov, Fərid Yusifoğlu, Natiq Zeynalov, Ağamehdi Ağayev, İlkin Yusifov iştirak edir. Öncə S.Kərimoğlunun Azərbaycanda bu səpkili ilk layihə olan foto-film layihəsi təqdim olundu. Daha sonra digər layihə iştirakçılarının ekran işləri təqdim olundu. Azərbaycanda videoartla məşğul olan insanların azlığından danışan iştirakçılar bildirdilər ki, «Artmaster» layihəsi də bu məqsədlə həyata keçirilir.
   Sonra «videoart»ın nə demək olduğu, filmlərdə nə zaman istifadə edildiyi barədə məlumat verildi. Həmçinin hamının sevə-sevə izlədiyi məşhur filmlərdə nə zaman qrafika və fotodan istifadə olunduğu da açıqlandı. S.Kərimoğlu yeni texnologiya ilə çəkilmiş müzikl haqqında da məlumat verərək, filmdən epizod təqdim etdi. Bildirdi ki, Vüqar Camalzadənin müzikli əsasında hazırlanmış bu ekran işi fevralın 12-də ictimaiyyətə təqdim olunacaq.
   Daha sonra isə gənc estrada və rep ifaçılarının «Canlı klip» adlı konserti keçirildi. Konsert adından məlum olduğu kimi kompozisiya formasında qurulmuşdu.
   Bütün iştirakçılar konsert boyu hər mahnının kompozisiyasını oynadılar, rəqs etdilər. Konsertdə «Şeron» qrupu, Ayan Babakişiyeva, Zaur Əmiraslanov, Çingiz Mustafayev, Məryəm Şabanova, Azad Şabanov, Ceyhun Zeynalov, MC Murad, Hilal çıxış etdi.
   
   “Yeni söz”: Milli Kitabxanada gənc şairlərlə görüş
   
   Fevralın 1-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Yeni söz” adlı tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə açan Gənc Ədiblər Məktəbinin rəhbəri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu gün gənclərə ayrılan diqqət və keçirilən tədbirlərə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. Daha sonra nazirliyin İncəsənət şöbəsinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Mirsahib Musayev çıxış edərək 2 fevral Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik etdi.
   Dəyirmi masa ətrafında keçirilən tədbirdə respublika qiraət müsabiqəsinin qaliblərinin və Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun ifasında gənc şairlər Qismət, Alik Əlioğlu, Rəbiqə, Elnaz Eyvazlı, Elvin Bakiroğlunun yaradıcılığından şeirlər səsləndi. Sonra gənclərin yazı üslubu, şeirləri ilə bağlı müzakirələr aparıldı.
   * * *
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi 2 fevral Gənclər gününə həsr edilmiş “Gəncliyin səsi” adlı silsilə tədbirlər çərçivəsində bu gün Beynəlxalq Muğam Mərkəzində gənc modelyer Püstəxanım Rəhimovanın təqdimatında milli geyim sərgisi və “Dünən və bu gün” adlı gənc muğam və caz ustalarının konserti olacaq.

   Gülər, Yeganə