“Bu kitabın nəşri İlyas Əfəndiyevin
   şəxsiyyəti və yaradıcılığı ilə bağlı,
   olsun ki, bir az qeyri-adi, ancaq
   əlamətdar ədəbi hadisədir”
   (Xalq yazıçısı Elçin)
   
   Martın 16-da Muzey Mərkəzində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevə həsr edilən şeirlərdən ibarət nəfis bir kitabın - “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür”ün təqdimat mərasimi oldu. İlyas Əfəndiyevin nəvəsi Günay Əfəndiyevanın təşəbbüsü və redaktorluğu ilə, Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında “Təhsil” nəşriyyatında işıq üzü görən kitabın təqdimat mərasimi də kitabın özü kimi orijinallığı, qeyri-adiliyi və səmimiliyi ilə yadda qaldı.
   Tədbirdə tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimləri, Milli Məclisin deputatları, ziyalılar, mətbuat nümayəndələri iştirak etdilər.
   
   “Həqiqi sənət üçün mövzu məhdudluğu yoxdur”
   (İlyas Əfəndiyev)

   
   Mərasimi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycan ədəbiyyatında və milli teatrımızın inkişafında əvəzsiz xidmətləri olan İlyas Əfəndiyevə həsr olunmuş yeni bir kitabın işıq üzü görməsini mədəni həyatımızda əlamətdar hadisə kimi dəyərləndirdi. Bu gün yaradıcı insanların ailələrində yaxşı bir ənənənin davam etdirildiyini xatırladan nazir belə ailələrdə istedadlı gənclərin öz keçmişlərinə ehtiramla yanaşmasını, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş insanlar haqqında cəmiyyətə yeni, fərqli baxış bucağından yanaşaraq məlumatlar verməsini müsbət hal kimi dəyərləndirdi. Nazir “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabının məhz bu silsilədən olduğunu vurğuladı. Qeyd etdi ki, kitabda böyük dramaturqun həyatının anlarını əks etdirən fotoşəkillər, dəyərli insanların İlyas Əfəndiyev şəxsiyyəti və yaradıcılığı barədə söylədikləri qiymətli fikirlər, yazıçıya həsr olunmuş şeirlər ədibin dolğun portretini yaradır. Nazir əmin olduğunu bildirdi ki, nəfis şəkildə çap olunmuş kitab oxucular tərəfindən böyük maraqla qarşılanacaq.
   Sonra İlyas Əfəndiyevin həyat və yaradıcılığına həsr olunmuş “Sən həmişə bizimləsən” adlı qısa film nümayiş olundu.
   
   “Əsrlərin sınağından çıxmış lirika həqiqi sənətin qanadıdır, ruhudur”
   (İlyas Əfəndiyev)

   
   Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev Novruz bayrmı ərəfəsində İlyas Əfəndiyev yaradıcılığını sevənləri bir araya gətirən bu gözəl kitabın zəhmətini çəkənlərə dərin minnətdarlığını bildirdi: “Mənim yadımda bu qəbildən olan iki kitab qalıb. Səməd Vurğun və Üzeyir Hacıbəyov haqqında şeirlərdən ibarət kitablar. Birinin adı çox qəribə idi: “Üzeyirbaycan”. O kitab Səməd Vurğunun “Ölüm sevinməsin qoy” sözləri ilə başlayan məşhur şeiri ilə açılırdı”. Akademik görkəmli yazıçı İlyas Əfəndiyevə həsr olunmuş kitabda 35 şairin müxtəlif vaxtlarda qələmə aldığı 40-dək şeirin yer aldığını dedi: “İlyas Əfəndiyev xalqımızın, ədəbiyyatımızın estetik fikir tarixində görkəmli xidmətləri olmuş qüdrətli bir dramaturqdur. Azərbaycan ədəbiyyatında heç bir dramaturq teatrla İlyas Əfəndiyev qədər uzunmüddətli, fəal yaradıcılıq əlaqəsində olmayıb. İlyas Əfəndiyev eyni zamanda çox poetik bir şəxsiyyət idi”.
   Akademik kitabın araya-ərsəyə gəlməsində əməyi olanlara da ürək sözlərini çatdırdı: “Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm ki, bu kitabı nəşr etdirməklə böyük qədirşünaslıq nümayiş etdirib. Bu kitabın belə ürəyəyatan, təravətli, cazibədar alınmasında İlyas müəllimin sevimli nəvəsi Günay xanımın böyük yaradıcılıq əməyi var. İlyas Əfəndiyevə həsr olunmuş şeirləri seçmək, çapa hazırlamaq və kitaba səmimi, yığcam müqəddimə yazmaq özü ciddi yaradıcılıq işidir”.
   
   “Həqiqi sənətkar səmimi olmaya bilməz”
   (İlyas Əfəndiyev)

   
   Əməkdar artist Murad Hüseynovun pianoda gözəl ifasından sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov çıxış edərək “İlyas Əfəndiyev. Şeirə sığmayan ömür” kitabını orijinal nəşr kimi dəyərləndirdi: “Kitabın içindəki bütün yazılar olduqca səmimidir. Çünki İlyas Əfəndiyev yaradıcılığı başdan-başa səmimiyyətdir. Onun “Kənddən məktublar” əsərindən başlamış “Geriyə baxma, qoca” əsərinə kimi bütün yaradıcılığında ilk növbədə İnsan - onun daxili dünyası, taleyi, təlatümləri dayanır. İlyas Əfəndiyev o xoşbəxt sənətkarlardandır ki, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlamış, xalqının sevimli övladlarından biri olmuşdur”.
   Sonra xalq artistləri Məleykə Əsədova və Nurəddin Mehdixanlının ifasında İlyas Əfəndiyevə həsr olunmuş şeirlər səsləndi.
   
   “Teatr həmişə mənəvi yüksəliş aynası olmuşdur”
   (İlyas Əfəndiyev)

   
   Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, Xalq artisti Amaliya Pənahova ömrünün böyük bir hissəsini teatra həsr etmiş İlyas Əfəndiyevin səhnə üçün yazdığı 14 əsərdə iştirak etdiyini, bu əsərlərlə Azərbaycan teatrında üç aktyor nəslinin yetişdiyini qeyd etdi. İlyas Əfəndiyevin əsərlərinin bu gün də səhnədə sevə-sevə tamaşaya qoyulduğunu bildirən Xalq artisti illər, nəsillər dəyişsə də, İlyas Əfəndiyev yaradıcılığının hər zaman yaşayacağını bildirdi və kitabın təqdimatını böyük bayram adlandırdı.
   Xalq artisti Aygün Bayramovanın ifasında xalq mahnısı “Qaragilə”, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədovun müşayiəti ilə tamaşaçılara təqdim olundu.
   Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət İlyas Əfəndiyevin Azərbaycan teatrındakı misilsiz xidmətlərindən danışdı.
   Azərbaycan Aşıqlar Birliyin sədri, Xalq şairi Zəlimxan Yaqub işıqlı obrazı ilə xatirələrdə qalan İlyas Əfəndiyevin sənət aləminin gözəlliyindən danışdı: “Böyük şəxsiyyətlərin xalq qarşısında böyük xidmətləri həm də ondan ibarətdir ki, insanları yaxınlaşdırır, doğmalaşdırır, bütövləşdirir” - deyən Xalq şairi 60 il sərasər yaradıcılıqla məşğul olan, səhnəmizə görkəmli əsərlər bəxş edən İlyas Əfəndiyevin məhz belə bir şəxsiyyət olduğunu bildirdi: “Onun sayəsində teatr adlı müqəddəs məbədgah neçə min dəfə dolub boşaldı, insanları görüşdürdü, birləşdirdi. İlyas Əfəndiyev dünya durduqca yaşayacaq”.
   Zəlimxan Yaqubun çıxışından sonra caz musiqiçisi Şahin Növrəsli səhnəyə çıxdı və onun ifası alqışlarla qarşılandı.
   
   “Dahi sənətkarın həqiqi varisi xalqdır” (İlyas Əfəndiyev)
   
   Kitabın tərtibçisi və redaktoru Günay Əfəndiyeva mərasim iştirakçılarını, İlyas Əfəndiyev yaradıcılığını sevənləri salamladı, kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə, Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən nazir Əbülfəs Qarayevə, “Təhsil” nəşriyyatına, təqdimatda iştirak edənlərə təşəkkür etdi: “Mən əminəm ki, İlyas Əfəndiyevin ruhu bu gün bizim aramızdadır. Çünki burada ona həsr olunmuş şeirlər söylənildi, onun çox sevdiyi “Qaragilə” mahnısı səsləndi. Böyük sənətkarlar ölməzdirlər, çünki əsl sənət, əsl sənətkar əbədidir”.
   Mərasimin sonunda balaca və istedadlı ifaçı Mirpaşa Şükürov “Qarabağ şikəstəsi” ilə hər kəsi qəlbimizin bir parçası olan Qarabağa apardı.
   
   “Azərbaycan xalqı nəcib olduğu qədər də istedadlıdır, cəsurdur, mərddir”
   (İlyas Əfəndiyev)

   
   Tədbirin sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir daha İlyas Əfəndiyev dünyasının anlarını özündə əks etdirən qiymətli kitabın işıq üzü görməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.
   Xatırladaq ki, “Təhsil” nəşriyyatında çap olunmuş kitabın naşiri Bəhruz Axundov, nəşriyyat redaktoru Vaqif Bəhmənli, bədii tərtibatçısı və rəsmlərin müəllifi isə İsmayıl Əsədoğludur.
   
   Təranə Vahid