Əbdüləziz əl-Tüveycri: “İnanırıq ki, Forum qarşısına qoyduğu məqsədlərə çatacaq”
   
   “Bakı Forumu müasir dünyanın mədəni həyatında son dərəcə mühüm hadisə oldu. Forumun mədəniyyətlərarası dialoq mövzusunu daim diqqət mərkəzində saxlayan, bu problemlərlə maraqlanan, dialoqa stimul verən və dünyada sülhün bərqərar olunması yolunda səylərini əsirgəməyən Azərbaycan prezidentinin himayəsi altında müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu Bakıda keçirilməsi xüsusilə əlamətdar hadisədir”. Bu sözləri Bakı Forumunun iştirakçısı, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.
   İSESCO-nun İslam Konfransı Təşkilatı çərçivəsində mədəniyyət sahəsində ixtisaslaşmış təşkilat olaraq Forumun işində fəal iştirak etdiyini deyən qonaq xalqlar arasında qarşılıqlı etimad mühitinin yaradılmasında Bakı Forumunun rolunu yüksək qiymətləndirib: “Biz inanırıq ki, Bakı Forumu qarşısına qoyduğu məqsədlərə çatacaqdır. Hər iki ildən bir Bakıda keçiriləcək bu Forum mədəniyyətlərarası dialoqun genişləndirilməsinə böyük töhfə verəcək”.