Aprelin 15-də L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi 132-134 saylı təhsil kompleksi ilə birlikdə “Dünya Gənclərinin Ekologiyaya Xidmət günü” münasibəti ilə “Təbiətdən ilmələrə” adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə açan təhsil kompleksinin biologiya müəllimi Xanım Muradova Dünya Gənclərinin Ekologiyaya Xidmət gününün 1998-ci ildən dünyanın 100-dən artıq ölkəsində qeyd olunduğunu xatırladaraq gənclərə və uşaqlara ətraf mühitə xidmətin mənasını aşılayan bu kampaniyanın əhəmiyyətindən danışdı. Turizm İnstitutunun müəllimi Gila Altmann Azərbaycanın ekoloji turizm marşrutları haqqında məlumat verdi. Qeyd olundu ki, Azərbaycanın çox zəngin turizm potensialı və bu imkanlar lazımınca öyrənilməli və tətbiq olunmalıdır.
   Sonra Azərbaycanın təbiət abidələri haqqında məlumat verildi, tanınmış torpaqşünas alim, akademik Həsən Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirildi. L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin elmi katibi Gülşən Hüseynova təbiət gözəlliklərinin ilmələrdə əksinə həsr olunmuş slaydı şərh etdi.
   Tədbirdə “EkoMədəniyyət” Mərkəzi tərəfindən yuxarı sinif şagirdləri arasında keçirilən biomüxtəliflik, Azərbaycanın "Qırmızı kitab"ına daxil olan flora və fauna növləri haqqında təqdimat və esselər müsabiqəsinə yekun vuruldu, qaliblər elan edildi. Fəridə İbrahimova I, Rəşidə Əliyeva II, Elza Tağıyeva III yerə layiq görüldülər və onlara sertifikatlar təqdim olundu.
   Sonda L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Uşaq Muzeyi tərəfindən şagirdlərin ifasında "Əlbir olaq" musiqili-ekoloji tamaşa göstərildi. 

   Ceyhun