Bakıda beynəlxalq konfrans keçirilib

   İyunun 1-2-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
   Tədbiri Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva açaraq bildirib ki, konfransa ümumilikdə 193 tezis göndərilib. Tezislər konfransdan sonra kitab halında çap ediləcək.
   Babeş-Bolyai Universitetinin rektoru, professor Andrei Marga Azərbaycana ilk gəldiyini və Bakının füsunkar gözəlliyindən xüsusi zövq aldığını deyib, birgə konfransın əhəmiyyətini vurğulayıb. Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı keçmiş səfiri, Rumıniya Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, professor Tasin Cəmil deyib ki, belə konfransların digər məqsədi də Qərblə Şərqi dialoq vasitəsilə bir-birinə yaxınlaşdırmaq və hər iki tərəf arasında olan problemləri meydana çıxararaq onların həlli yollarını axtarmaqdan ibarətdir.
   Konfransda Azərbaycan, Rumıniya, Türkiyə, Qazaxıstan, İran, Özbəkistan, Pakistan, Gürcüstan və Finlandiyadan gələn alimlərin iştirakı ilə müasir şərqşünaslığın aktual problemləri müzakirə olunub. “Orta əsrlər Şərq tarixinin bəzi məqamları haqqında”, “Azərbaycanda Osmanlı tarixinin araşdırılması və onun əsas problemləri”, “Yaponiya və Azərbaycan: etnologiya və tarixi ənənə” və digər mövzularda məruzələr dinlənilib.