1 iyun - Beynəlxalq uşaqları müdafiə günü münasibətilə Fövqəladə Hallar və Vergilər nazirlikləri də uşaq yaradıcılığına həsr olunmuş tədbirlər keçiriblər. 
   Muzey Mərkəzində Fövqəladə Hallar Nazirliyinin Təhsil Nazirliyi ilə birgə məktəblilər arasında keçirdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda I Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsinə yekun vurulub. FHN və Təhsil Nazirliyi əməkdaşlarının, rəssamların iştirak etdikləri tədbirdə qeyd olunub ki, ilk dəfə keçirilən müsabiqənin məqsədi uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, həmçinin istedadlı uşaqların üzə çıxarılmasıdır.
   Sonra yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “Rəsm” nominasiyası üzrə I yerə Əfqan Şabanov, Samir Məmmədli, Fərrux Qocayev, “Plakat” nominasiyası üzrə I yerə Bənövşə Axundova, Ceyhun Qədirov, “Şeir” nominasiyası üzrə I yerə Sevgin Abbasova, Şəhrəbanu Zərbəliyeva və Əhməd Zeynallı layiq görülüblər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqənin iştirakçılarına həvəsləndirici mükafatlar təqdim edilib.
   İyunun 1-də Vergilər Nazirliyinin təşəbbüsü ilə Tofiq İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayında “Vergilər uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə də yekun vurulub. Qeyd olunub ki, artıq 9-cu dəfə keçirilən belə müsabiqələr uşaqların dövlətçilik haqqında anlayışlarının genişlənməsinə imkan yaradır, gənc nəsildə vergi mədəniyyətinin və vergi biliklərinin formalaşmasına xidmət edir.
   Builki müsabiqədə nümayiş etdirilmiş 200-dən artıq rəsm əsəri arasında qalib gələnlər xüsusi hədiyyələrlə mükafatlandırılıb. Münsiflər heyəti, həmçinin asfalt üzərində çəkilən rəsmlərin və inşaların qaliblərini də müəyyən edib.