İyunun 21-də Sumqayıtda, ümummilli lider Heydər Əliyevin abidəsi önündəki meydanda ümumşəhər kitab bayramı keçirilib. Qeyd edək ki, Gənclər şəhərində bu tədbirin keçirilməsi artıq xoş bir ənənə halını alıb.
   
   Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov kitab bayramında iştirak edib. Həmişəkindən daha gözəl görünən meydanın tərtibatı da informasiya xarakteri daşıyırdı. Abidənin ətrafında meydanın bütün perimetri boyunca stendlər, kitablarla dolu rəflər, stellajlar düzülmüşdü. Kitab bayramında Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS), populyar “Əli və Nino” kitab ticarəti şəbəkəsi, “Akademkitab” nəşriyyatı, habelə Sumqayıtdakı “Dərələyəz” və “Zərdabi” nəşriyyatları iştirak edirdi. Yeri gəlmişkən, MKS-nin fondunda müxtəlif janrlara aid 700 min nüsxəyə yaxın ədəbiyyat vardır. Bayramda latın qrafikası ilə çap edilmiş 10 minə yaxın kitab nümayiş etdirildi. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitablar sərgidə xüsusi yer tuturdu. “Yeni kitablar”, “Sorğu ədəbiyyatı”, “Uşaqlara hədiyyə”, “Heydər Əliyev və milli mədəniyyət”, “Dünya ədəbiyyatı”, “Tibb ədəbiyyatı”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Qarabağ-qan yaddaşı”, “İnkişaf edən iqtisadiyyatımız” və digər stendlərin ətrafında daha çox adam toplaşmışdı.
   Sərgiyə gələnlər “Müasir tariximizin yaradıcısı və davamçıları” bölməsində nümayiş etdirilən nəşrlərə xüsusi maraq göstərirdilər. Yüksək poliqrafik səviyyədə nəşr edilmiş bu kitablarda ulu öndər Heydər Əliyevin, onun fəaliyyət xəttinin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edilir.
   Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyorlarının və Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin yaradıcı kollektivlərinin, milli eposumuzun qəhrəmanı Dədə Qorqudun, Azərbaycan yazıçıları və şairlərinin əsərlərinin populyar ədəbi qəhrəmanlarının iştirakı ilə səhnələşdirilmiş tamaşa kitab bayramının kulminasiya nöqtəsi oldu. Uşaqların sevimli ədəbi personajlarının onlara müraciəti də çox maraqlı və şux təsir bağışlayırdı. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları tədbirə gələnlər arasında sorğu keçirdilər. Ən fəal oxucuya MKS-nin mükafatı təqdim edildi.
   Xatırladaq ki, Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1958-ci ildən fəaliyyət göstərən şəhər kitabxanası bazasında 1974-cü ildə yaradılmışdır. Hazırda 19 filialı olan MKS-nin xidmətlərindən 14 minə yaxın daimi oxucu istifadə edir. MKS-nin fondu mütəmadi genişlənir.