İyulun 7-də Azərbaycanda Atatürk Mərkəzində Dünya azərbaycanlılarının III qurultayı çərçivəsində konfrans keçirilib. 
   Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və başqa türkdilli xalqların nümayəndələrinin iştirak etdikləri konfransda ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı dəfələrlə xatırlanıb, vaxtilə dahi rəhbərin dünya azərbaycanlılarının təşkilatlanmasına göstərdiyi qayğı xüsusi vurğulanıb.
   Konfransda Qırğızıstandan Sultanmurat Yermantay, Qazaxıstandan Yəhya Yusif Caniyar, Dərbənddən Nurəddin Karaçayev, İran Azərbaycanından Sayman Aruz, Xuraman Məmmədova, Azərbaycandan Əli Əliyev, Babək Alitürk, Məhəmməd Teymurlu, Azadə Hüseynova, Aidə Şirinova, Zərəngiz Dəmirçi Qayalı, Telman Dəmirli, Dünyaxanım Əliyeva, Zeynəb Qurbanova, Mərcan Şahbuzlu və başqaları çıxış edərək türk xalqlarına xoş arzularını ifadə ediblər.
   Tədbir çərçivəsində Y.Y.Caniyarın Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi “Turan Mübarizi” kitabının təqdimatı olub.
   Konfransda Y.Y.Caniyar Türk Xalqları Ümumdünya Assambleyasının Bakı təmsilçiliyinin yaradıldığını elan edib və bildirib ki, hər il mayın 4-ü dünyanın hər yerində Türk Günü kimi qeyd ediləcək.