18 avqust - Sərhəd qoşunları günü münasibətilə Cəbrayıl Rayon Mədəniyyət və Turizm Şöbəsinin musiqi kollektivi Biləsuvar rayonu ərazisində yerləşən Göytəpə sərhəd dəstələrinin birində maraqlı konsert proqramı ilə çıxış edib.
   
   Konsertdən öncə sərhəd dəstəsinin zabitləri Səbuhi Dadaşov və Zaur Qasımov sərhədçilər qarşısında çıxış edərək onları bayram münasibətilə təbrik edib, Vətənin keşiyində dayanmaq kimi şərəfli işdə uğurlar diləyiblər.
   Sərhədçilər Sədaqət Ağayev, Oktay Əliyev və Fatma Əhmədovanın ifasında musiqi nömrələrini alqışlarla qarşılayıblar. Böyük Mərcanlı Uşaq İncəsənət Məktəbinin müəllimi Süleyman Baxışəliyevin, qarmonçalan Adilin, nağaraçalan Şirinin solo ifaları da rəğbətlə qarşılanıb.
   Əsgər və zabitlər sərhədçi yoldaşları Natiq Şahbazov və Güman Qocayevin oxuduqları mahnıları dinləyib, meyxanaçı Əhməd Mahmudovun meyxanalarına maraqla qulaq asıblar.
   Sərhəd dəstəsinin rəisi baş leytenant Rüfət Məmmədov bayram günündə sərhədçilərə mədəni xidmətin təşkilinə görə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyevə, rayon Mədəniyyət və Turizm Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirib.
   Cəbrayıl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Kamran Quliyevin sözlərinə görə, cəbrayıllı məcburi köçkünlərin böyük bir hissəsinin məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə maraqlı mədəni kütləvi tədbirlər həyata keçirilir: “Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən bu tədbirlərdə cəbhə bölgəsində, eləcə də sərhəddə xidmət edən vətən oğulları da yaddan çıxarılmır. 26 iyun - Milli Ordu günü ilə əlaqədar kollektivimizin heyəti Murov döyüş bölgəsində hərbçilərimiz qarşısında maraqlı proqramla çıxış ediblər. Sərhəd qoşunları günündə isə sərhədçilərimiz üçün konsert təşkil olunub. Kollektivimiz Vətənin layiqli oğullarına mədəni xidmət göstərməyi özü üçün borc və şərəf işi hesab edir”.
   
   Oktay Əliyev,
   Cəbrayıl rayon Mədəniyyət evinin direktoru