Paytaxtımız daha bir mədəni aksiyaya, ictimai, elmi-kütləvi baxımdan çox vacib tədbirə ev sahibliyi edir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında keçirilən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası hamımız üçün əlamətdar olan hadisəyə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunub.
   
   20-dək ölkənin təmsil olunduğu bu tədbir, əslində, xarici qonaqlarımızdan çox müstəqilliyinin bərpasını 20-ci dəfə bayram edən bizlər üçün daha vacibdir. Çünki burada nümayiş olunan kitablar vasitəsilə biz həm də Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı və bugünkü inkişaf səviyyəsi, onun tarixi gerçəklikləri haqqında dolğun məlumat vermiş oluruq.
   Azərbaycanda kitab işinin təbliğinə təkan verəcək bu hadisə naşirlərimizə əcnəbi həmkarlarının bu sahədəki təcrübələri ilə yaxından tanış olmaq imkanı qazandırır. Tədbirin bir məqsədi də Azərbaycanda poliqrafiya, nəşr işinin təşkilinə kömək etmək, çap məhsullarımızın dünya bazarına çıxarılmasına təkan verməkdir. Eyni zamanda, belə sərgilər kitaba marağı da artırır, onu toplumun gündəlik mədəni vərdişləri sırasında önə çəkir. Sərgi bu məramına da nail olur. İdman sarayına axın edən insan kütləsini bura gətirən kitab, ona olan maraq və sevgi idi. Sərgi-yarmarka çərçivəsində keçirilən təqdimatlar, tanınmış yazarlarla görüşlər, simpozium və müzakirələrdə iştirak edən sadə oxucular kitabın hələ də böyük məhəbbətlə sevildiyi gerçəyini xatırlatdılar.
   
   Mədəni irsə böyük ehtiram
   
   Sərgidə mədəniyyətimizin hamisi missiyasını yerinə yetirən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çap olunan kitablar da özünün müxtəlifliyi və mövzu aktuallığı ilə seçilir. Azərbaycan həqiqətlərindən, Qarabağ münaqişəsinin əsl mahiyyətindən və onun yaratdığı humanitar fəlakətdən, erməni təcavüzü nəticəsində dağıdılmış tarixi-mədəni abidələrimizdən bəhs edən bu kitablar müxtəlif dillərdə nəşr olunmaqla dünya ictimaiyyətinə obyektiv informasiya çatdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi qaynaqlarımız, tarixi keçmişimiz, tanınmış şəxsiyyətlər haqqında nəşr edilən kitablar oxucu auditoriyası üçün zəngin mənbədir.
   
   Kitab kimi kitablar
   
   Kitab xalqın mənəvi qidasıdır. O, keçmişimizi yaşatmaq, bugünkü fəaliyyətimizin inkişafına kömək və sabahımıza bələdçi baxımından olduqca gərəkli vasitədir. Ona görə də bütün dövrlərdə kitaba «bilik qaynağı», «nəsildən nəsilə ötürülən xəzinə» deyiblər. Bunlar hamısı gözəl və yerində deyilmiş ifadələrdir. Amma indi kitaba daha başqa, yeni tələblər irəli sürülür. Artıq kitab həm də estetik baxımdan, içində daşıdığı məziyyətləri ilə yanaşı görünüş etibarilə də fərqli, gözəçarpan və gözəl olmalıdır. Çünki kitab bütün zamanlar üçün ən yaxşı hədiyyə, evlərimizin ən gözəl guşələrini bəzəyən bilik atributudur. Sərgi zamanı ziyarətçilərin kitabla ünsiyyətində ilkin amil məhz bu məqam idi. İnsanlar daha gözəl, rəngli, yüksək poliqrafik dəyərli və eləcə də ölçü vahidləri baxımından maraq kəsb edən kitablara yaxınlaşır, onları vərəqləyirdilər. Müasir insanı təəccübləndirmək, onda qeyri-adilik təəssüratı yaratmaq üçün ilk öncə vizuallığı diqqətdə saxlamalısan. Əslində hansı naşir yaxşı kitab buraxmaq istəməz ki? Burada əsas məqam poliqrafiya müəssisələrinin maddi-texniki bazaları, istifadə etdikləri çap məhsullarının keyfiyyətidir ki, bu da nəticədə maddi tərəfə söykənən problemdir.
   
   Biz yaxşı nə verdik ki...
   
   Sərgi-yarmarkaya kütləvi maraq bəzi naşirlərin az qala əzbər etdikləri «insanlar kitab oxumur», «nə qədər yaxşı kitablar çap etsək də, alıb oxuyan yoxdur» kimi narazılıqların da üzərindən xətt çəkdi. Sərgi göstərdi ki, qiymətindən asılı olmayaraq yaxşı, sözün tam mənasında yaxşı kitab alınır və oxunur. Çap məhsullarını günün tələbləri səviyyəsində istehsal edən bir çox nəşriyyatların guşələri qarşısında əməlli-başlı növbə yaranmışdı. Hətta bəzi müəssisələrin təmsilçiləri sevinclə artıq kitablarının qalmadığını, üç günə nəzərdə tutduqları çap məhsullarının satılıb qurtardığını dedilər.
   Bu məqamda kitabla bağlı qızğın müzakirələrin getdiyi tədbirlərdən birində ölkənin aparıcı naşirlərindən birinin dediyi sözlər düşdü yadıma: «Əziz həmkarlarım, onsuz da millətimiz yaxşı kitab oxumur deyib, niyə onları incik salaq?! Axı bu belə deyil. Yaxşı kitab hər zaman oxunur. Gəlin görək, biz hansı yaxşı kitabı verdik ki, oxucu da ondan imtina etdi».
   Bax bu sərgi o naşirlərə öz işlərinə yenidən baxmaları üçün də gözəl meydan idi.
   
   Həmidə Nizamiqızı