Kitab və veb-səhifənin təqdimatı
  
   Oktyabrın 6-da “Kempinski Hotel Badamdar” mehmanxanasında “İrəli” İctimai Birliyinin təşkilatçılığı, “ZQAN Holdinq” və “Azercell” şirkətlərinin dəstəyi ilə hazırlanmış “Azərbaycanı tanı” kitabının və
www.discoverazerbaijan.az veb-səhifəsinin təqdimat mərasimi keçirilib.
   “İrəli” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı İstanbulda nəşr olunmuş “Azərbaycanı tanı” kitabının hazırlanma prosesindən danışıb. Kitab respublikamızın bütün rayon və şəhərlərinin zəngin təbiəti, tarixi, mədəniyyəti, folkloru, kulinariyası və adət-ənənəsini özündə əks etdirən məlumat və fotolardan ibarət resursdur.
   Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş nəşri jurnalist və fotoqraflardan ibarət işçi qrupu iki ildən artıq müddətdə ölkəmizi qarış-qarış gəzməklə ərsəyə gətirib. Kitab hər biri 1000 tirajla Azərbaycan və ingilis dillərində nəşr olunub. Bu nəşr Azərbaycanın mədəni irsi ilə maraqlanan sadə vətəndaşlar, eləcə də xarici tədqiqatçılar üçün əvəzsiz mənbədir. Kitabın müəllifi tanınmış jurnalist Aynur Talıbovadır.