Aprelin 4-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Musa Nəbioğlunun “Sazımız-sazbəndimiz” kitabının təqdimat mərasimi keçirildi.
   
   Mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov, millət vəkili Aqil Abbas, folklorşünas alimlər, aşıq sənətinin tanınmış nümayəndələri iştirak edirdi.
   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, son illər aşıq sənətinin inkişafı, təbliği istiqamətində çox ciddi işlər görüldüyünü vurğuladı. Azərbaycan aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini dövlətin bu sənətə yüksək diqqət və qayğısının nəticəsi kimi dəyərləndirdi. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev “Sazımız-sazbəndimiz” kitabının təqdimatını saz sənətimiz üçün əlamətdar hadisə adlandırdı. Ulu öndər Heydər Əliyevin mədəniyyətə, incəsənətə, o cümlədən saz-söz sənətinin inkişafına, təbliğinə böyük diqqət, qayğı ilə yanaşdığını xatırladan natiq bu siyasətin ölkə rəhbərliyi tərəfindən bu gün də yüksək səviyyədə davam etdirildiyini bildirdi.
   Vaqif Əliyev Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işlərdən, xalq yaradıcılığının inkişafı və təbliği ilə bağlı həyata keçirilən layihələrdən söz açdı, Azərbaycan Aşıqlar Birliyinin bu sahədə fəaliyyətini yüksək qiymətləndirdi.
   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov qədim sənətlər arasında özünəməxsus yeri olan sazbəndlik sənətindən, bu sənəti yaşadanların xidmətlərindən, aşıq sənətinin vaxtilə üzləşdiyi problemlərdən, bugünkü uğurlarından danışdı. Aşıq sənətini bizim klassik mədəniyyətimizin parlaq nümunəsi kimi səciyyələndirdi.
   Komitə sədri mədəniyyətlə bağlı qanunvericilik fəaliyyətindən də söz açaraq “Mədəniyyət haqqında” yeni qanunun yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacağını dedi: “Biz çalışacağıq ki, ayrıca muğam sənəti, aşıq sənəti haqqında da qanun hazırlayaq”.
   Aşıqlar Birliyinin birinci katibi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı “Sazımız-sazbəndimiz” kitabını aşıq sənətinin inkişafı və təbliği istiqamətində atılan növbəti addım kimi dəyərləndirdi. Qeyd olundu ki, kitabda 60 sazbənd haqqında portret-oçerk yer alıb. Alim hələ 15 il əvvəl Cənubi Azərbaycanda tədqiqat apararkən orada 3 minə yaxın aşığın, 100-dən yuxarı da sazbəndin olduğunu müəyyənləşdirdiyini nəzərə çatdırdı. Bildirdi ki, onlar haqqında da kitab hazırlamaq məqsədəuyğun olardı.
   Alim son illər aşıq sənətinin inkişafında Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun xüsusi xidmətlərinin olduğunu vurğuladı. Bildirdi ki, Zəlimxan Yaqubla birlikdə ən böyük arzularından biri “Ozan aşıq ensiklopediyasını” hazırlayıb çap etdirməkdir.
   “Sazımız-sazbəndimiz” kitabının müəllifi, Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu çıxış edərək, belə bir nəşrin hazırlanması ideyasının Zəlimxan Yaquba məxsus olduğunu dedi: “Bu gün aşıq sənətinin daşıyıcılarının xoşbəxtliyi ondadır ki, bu sənətə xalqın sevgisi ilə dövlətin qayğısı üst-üstə düşür”.
   Tədbirdə millət vəkili Aqil Abbas, professor Qəzənfər Paşayev, ustad aşıqlardan Mahmud Məmmədov, İsfəndiyar Rüstəmov, sazbənd Fərman Xuduoğlu, el ağsaqqalı Abbas Mazanov çıxış edərək, kitab haqqında öz ürək sözlərini bildirdilər.
   Sonda Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub çıxış edərək sazın, sözün keşiyində dayanan, sazın, sözün işığına yığışan hər kəsə öz təşəkkürünü bildirdi.
   
   Təranə Vahid