Xəbər verdiyimiz kimi, aprelin 16-dan 21-dək Heydər Əliyev Fondunun və Azərbaycanın Romadakı səfirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İtaliyada Azərbaycan Mədəniyyəti Günləri keçirilib.
   
   İki ölkə arasında mədəni əməkdaşlığa, dünyanın mədəniyyət mərkəzlərindən olan İtaliyada Azərbaycan incəsənətinin, musiqisinin təbliğinə xidmət edən tədbirə Turin şəhərinin “Kariniano” teatrında keçirilən konsertlə start verilib. Mədəniyyət günlərinin açılışında Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və İtaliyanın Piemonte regionunun mədəniyyət məsələləri üzrə müşaviri Mikele Kapola çıxış edərək, tədbirin iki ölkə arasında əlaqələrə töhfə olacağını vurğulayıblar.
   Mədəniyyət günləri çərçivəsində növbəti musiqili proqram aprelin 17-də Venesiyanın Malibran Teatrında təqdim olunub. Aprelin 19-da isə incəsənət ustalarımız Milan şəhərində, C.Verdi adına Konservatoriyada əsrarəngiz ifaları ilə tamaşaçıları heyrətləndiriblər. Xalq Artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət rəqs ansamblının, Əməkdar artist Elnarə Kərimovanın əməyi sayəsində püxtələşmiş “Buta” kamera xorunun çıxışı, Azər Rzazadənin Azərbaycan və italyan dillərində ifaları, Xalq artisti Nəzakət Teymurova və İlkin Əhmədov duetinin Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından səsləndirdikləri parça, Əməkdar artist Fidan Hacıyevanın məlahətli səsi, Cavid Səmədovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı alqışlarla qarşılanıb.
   
   Dahi Nizamiyə böyük ehtiram
   
   Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin 2011-ci il 23 dekabr tarixli sərəncamına əsasən, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə Romada dahi Azərbaycan şairi və mütəfəkkirinin abidəsi ucaldılıb. Abidənin müəllifləri Xalq rəssamı Salxab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir. Layihə Roma şəhər meriyasının tarix və incəsənət komissiyası tərəfindən də təsdiqlənib.
   Aprelin 20-də İtaliyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Romanın “Villa Borghese” parkında abidənin açılışı olub. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
   Mərasimdə çıxış edən Roma şəhər meriyasının beynəlxalq şöbəsinin müdiri xanım Serena Forni İtaliya paytaxtında Nizami Gəncəvinin abidəsinin ucaldılmasını ölkələrimiz arasında dostluğun rəmzi kimi qiymətləndirib. O, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri sayəsində son vaxtlar Romada bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
   Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini Nizami Gəncəvinin Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi dahi olduğunu bildirib, böyük mütəfəkkirin ümumbəşəri əhəmiyyət kəsb edən əsərlərinin italyan dilinə tərcümə edildiyini və sevildiyini diqqətə çatdırıb.
   Mərasimdə çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin və tarixinin ən görkəmli şəxsiyyətlərindən olan Nizami Gəncəvinin yaradıcılığının bütün dünyada sevildiyini, UNESCO tərəfindən ədibin 850 illiyi münasibətilə 1991-ci ilin “Nizami Gəncəvi ili” elan edildiyini diqqətə çatdırıb. Şairin əlyazmalarının dünyanın bir çox kitabxana və arxivlərində saxlanıldığını deyib: “Əminəm ki, belə möhtəşəm parkda, Romanın qəlbində dahi şairə, filosofa, humanist insana bu abidənin açılması İtaliyada da onun yaradıcılığına, poeziyasına diqqət və marağı artıracaq. Eyni zamanda bu hadisə ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əlaqələrin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.
   Mehriban Əliyeva İtaliya ilə Azərbaycanın tərəfdaş ölkələr olduğunu, mədəniyyət sahəsində görüşlərin də ənənəvi xarakter daşıdığını bildirib: “Ötən ilin dekabrında Romada ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə həsr edilmiş Azərbaycan Gecəsi keçirilmişdir. Bu ilin sonunda Azərbaycanın müasir incəsənətini əks etdirən “Bakıya uçuş” adlı sərgi təşkil ediləcək. İtaliyada Azərbaycan Mədəniyyəti Günləri çox böyük maraq və diqqətlə qarşılanmışdır. Bu ilin payız aylarında Azərbaycanda İtaliya Mədəniyyəti Günləri keçiriləcək. Mədəniyyət və incəsənət xalqları, insanları bir araya gətirmək, daha yaxşı anlamaq üçün ən gözəl vasitədir”.
   
   “Baku” jurnalının təqdimatı
   
   Aprelin 20-də İtaliyanın paytaxtı Romada “Baku” jurnalının təqdimat mərasimi olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, jurnalın təsisçisi və baş redaktoru Leyla Əliyeva tədbirdə iştirak ediblər.
   Nəşrə 2007-ci ildə Moskvada rus dilində başlayan “Baku” jurnalı artıq beynəlxalq aləmdə kifayət qədər tanınan və böyük reytinqə malik mətbu orqana çevrilib. Jurnalın ingilisdilli versiyası ölkəmizi Avropada daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyətə malikdir. Nəşr avropalı oxucuları qədim Odlar Yurdunun zəngin tarixi, mədəniyyəti, incəsənəti, gözəl ənənələri, ölkəmizdə həyata keçirilən mühüm layihələr, geniş turizm imkanları ilə tanış edir.
   “Baku” jurnalının təqdimat mərasimini İtaliyanın tanınmış teleaparıcısı Massimo Ginni açaraq, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti haqqında qonaqlara məlumat verib. Qeyd olunub ki, Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşən Azərbaycan bu gün dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platforması qismində çıxış edir.
   Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və baş redaktoru Leyla Əliyeva nəşri qədim Roma şəhərində təqdim etməkdən məmnunluq ifadə edib. Ötən ildən ingilis dilində nəşr olunmağa başlayan jurnalın hazırda Roma, Paris, Berlin və Nyu-Yorkda yayıldığını qeyd edən Leyla xanım Əliyeva “Biz çalışırıq ki, bu dərgi italyan oxucularının da ürəyincə olsun”, - deyə bildirib.
   Azərbaycanın tarixi, mədəni irsi, dəyərləri, adət-ənənələri, müstəqil dövlətin inkişaf yolu barədə danışan L.Əliyeva deyib: “Ölkəmiz hər zaman açıq fikirliliyi və tolerantlığı ilə tanınmışdır. Ümid edirəm ki, Romada təşkil edilən Azərbaycan Mədəniyyəti Günləri italyan xalqına ölkəmizi daha yaxından tanımaq imkanı yaradır”.
   Mərasim Azərbaycan incəsənət ustalarının çıxışı ilə davam edib.
   
   Romada möhtəşəm Azərbaycan gecəsi
   
   Aprelin 21-də İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı paytaxt Romadakı “Auditorium della Musika” konsert kompleksində mərasim olub. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, ölkəmizin İtaliyadakı səfirliyinin və Roma şəhər meriyasının dəstəyi ilə keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.
   Mehriban Əliyeva burada Roma şəhərinin meri Gianni Alemanno ilə görüşüb. Azərbaycanın birinci xanımını İtaliya paytaxtında görməkdən şad olduğunu bildirən mer Mehriban xanım Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu deyib, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunub.
   Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Romada dahi Nizami Gəncəvinin abidəsinin ucaldılmasına verdiyi dəstəyə görə Gianni Alemannoya təşəkkürünü bildirib. İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluq ifadə edən birinci xanım bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
   
   * * *
   İtaliyada Azərbaycan Mədəniyyəti Günlərinin başa çatması ilə bağlı təşkil olunan mərasimdə çıxış edən ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov iki xalqın qədim tarixə malik əlaqələrinin bu gün də uğurla inkişaf etdiyini, İtaliyanın ölkəmizin ən böyük ticarət tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb, mədəniyyət günlərinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağını vurğulayıb.
   Roma şəhərinin meri Gianni Alemanno da qədim tarixə söykənən Azərbaycan-İtaliya əlaqələrinin inkişafı ilə bağlı son dövrlərdə atılan addımların əhəmiyyətindən danışıb. Mer dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Romada ucaldılan abidəsinin ölkələrimiz arasındakı mədəni əməkdaşlığa mühüm töhfə olduğunu vurğulayıb.
   Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.
   Konsertdə öncə Xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Cəngi” rəqsi təqdim edilib. Əməkdar artist Elnarə Kərimovanın rəhbərliyi ilə “Buta” kamera xorunun ifasının, həmçinin “Sarı gəlin” xalq mahnısının, “Qarabağ yallısı”nın, “Novruz” ritmlərinin və Azərbaycanın bir-birindən maraqlı digər musiqilərinin səsləndiyi möhtəşəm “Auditorium della Musika” konsert kompleksində minlərlə tamaşaçı milli mədəniyyətimizin möhtəşəmliyinin şahidi olub.