Aprelin 23-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Yaradıcılıqdan kitaba, müəllifdən müəlliflik hüququna” adlı beynəlxalq konfrans keçirildi. Konfrans 23 aprel - “Dünya kitab və müəlliflik hüququ günü”nə həsr olunmuşdu. Tədbirlə əlaqədar olaraq Muzey Mərkəzinin foyesində Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən çap olunmuş kitablar, habelə Mədəniyyət və Turizm Nazirliyinin son illərdə işıq üzü görən nəşrləri nümayiş olunurdu.
   
   Konfransı giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov 23 aprel - “Dünya kitab və müəlliflik hüququ günü”nün UNESCO Baş Assambleyasının 1995-ci il 15 noyabr tarixli qərarı ilə təsis olunduğunu, Azərbaycanda isə bu günün 1996-cı ildən qeyd edildiyini bildirdi. Agentliyin sədri vurğuladı ki, konfransın keçirilməsində məqsəd əqli mülkiyyətin sosial, iqtisadi və mədəni inkişafda oynadığı rolu, müəlliflik hüququna əsaslanan sənayenin müasir informasiya cəmiyyətində və iqtisadiyyatda payını təhlil etmək, kitab sənayesi və müəlliflik hüququ sahəsində mövcud vəziyyəti analiz etməkdir: “Müəlliflik hüququ böyük iqtisadi əhəmiyyətə malikdir. Belə konfransların təşkili beynəlxalq təcrübəni öyrənmək baxımından da önəm daşıyır. Konfrans üçün “Yaradıcılıqdan kitaba, müəllifdən müəlliflik hüququna” devizinin seçilməsi heç də təsadüfi deyil. Müəlliflik hüququ kitabla təmasdadır. Lakin müasir dövrdə dünya rəqəmləşir, bilik mənbələri əsasən internetə köçür və bu xüsusda müəlliflik hüququnun qorunması vacib amil kimi ortaya çıxır”.
   Sonra K.İmanov “Davamlı inkişafda bilik və mədəni ənənələrin qorunması: əqli mülkiyyət hüququnun rolu” mövzusunda məruzə etdi. Qeyd olundu ki, Avropanın rəqəmli kitabxanalarında 35 dildə 135 milyon rəqəmli sənəd toplanılıb. Azərbaycanda da elektron kitabxanaların yaradılması işi davam etdirilir. Ölkəmizdə bununla yanaşı kitab bazarı da sürətlə inkişaf edir. Müasir poliqrafiya-nəşriyyat bazası yaradılıb, peşəkar naşir və tərcüməçilər nəsli formalaşır, dünya standartlarına cavab verən yüksək poliqrafik səviyyəli nəşrlərin sayı getdikcə artır.
   Natiq onu da vurğuladı ki, ermənilər tərəfindən Azərbaycana aid mədəni nümunələrin saxta yolla özününküləşdirilməsi cəhdlərinə hələ də rast gəlinir. Amma Azərbaycan dövləti hər zaman dünyanın irs nümunələrinin müəlliflik hüququna hörmətlə yanaşıb. Ölkəmizdə mədəni müxtəlifliyin qorunmasına xüsusi önəm verilir.
   * * *
   Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxışında konfransın aktuallığından danışdı, tədbirin yaradıcı şəxslərin üzə çıxarılması, onların müəlliflik hüququnun qorunması, kitabların təbliği, gələcəkdə Azərbaycanın maddi-mədəni irsinə yönələn iddiaların qarşısının alınması baxımından önəm kəsb etdiyini vurğuladı. Qeyd olundu ki, son vaxtlar ölkəmizdə kitabla bağlı tədbirlərə xüsusi önəm verilir. Azərbaycan kitabının, müəlliflərinin dünyada tanıdılması üçün, müəllif hüquqlarının qorunması üçün davamlı iş aparılır. Azərbaycan hər il nüfuzlu kitab yarmarkalarında uğurla iştirak edir. Mədəni sərvətlərdə müəlliflik hüquqlarının qorunmasında, Azərbaycanın sərvətlərinə yönələn kənar iddiaların qarşısının alınmasında belə tədbirlərin böyük əhəmiyyəti var: “Belə tədbirlərin təşkili kitabın və müəlliflik hüququnun mədəni irsimizdə əhəmiyyətini bir daha açıqlamaq, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, yaradıcı şəxslərə hörmət və ehtiram bildirmək, mədəni ənənələrimizin qorunub saxlanılmasının vacib olduğunu bir daha təsdiqləməkdir. Ölkə başçısı İlham Əliyevin sərəncamına əsasən, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri Azərbaycan dilinə tərcümə edilərək nəfis şəkildə çap olunur. Həmçinin Azərbaycan ədəbiyyatının inciləri dünya dillərinə çevrilərək yayılır. Bütün bunlar Azərbaycanda kitab işinə, kitab mədəniyyətinə necə önəm verildiyini göstərir”.
   Dünyanın tanınmış mədəniyyət məkanlarında Azərbaycanla bağlı əlyazmaların, maddi-mədəniyyət nümunələrinin olduğunu deyən Vaqif Əliyev belə mədəni sərvətlərin Azərbaycanı təbliğ etdiyini, onların beynəlxalq hüquq müstəvisində qorunmasının vacibliyini vurğuladı.
   * * *
   UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva müəlliflik hüququnun qorunmasının UNESCO-nun fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu vurğuladı. Qeyd etdi ki, qurum 2012-ci ildə “Dünya kitab və müəlliflik hüququ günü”nün kitab və tərcüməyə həsr olunmasını tövsiyə edib. G.Əfəndiyeva Azərbaycan torpaqlarının işğalı nəticəsində minlərlə milli mədəniyyət nümunəsinin oğurlandığını, bu gün də ermənilər tərəfindən mədəni irsimizə yönələn təxribat əməllərinin davam etdiyini bildirdi. Onun sözlərinə görə, bu həqiqətlərin dünyada təbliğatı üçün, Azərbaycanın haqqı səsinin dünyada duyulması üçün həm dövlət qurumları tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən böyük iş aparılır.
   * * *
   Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova “Kitablar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda məruzə etdi, ölkədə kitabxana işi sahəsində görülən işlərdən söz açdı. Qeyd olundu ki, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın qəbulundan sonra bu sahədə dinamik inkişaf hiss edilməkdədir. Azərbaycan kitabxanaçıları hər il müxtəlif beynəlxalq tədbirlərdə uğurla iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan kitabxanalar da beynəlxalq tədbirlərdə fəal təmsil olunurlar. Sektor müdiri internetdə müəllif hüquqlarının pozulması məsələlərinə də diqqət çəkərək, təhrif olunmuş məlumatlara rast gəlindiyini bildirdi.
   * * *
   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov tədbirin əhəmiyyətindən söz açdı, müəlliflik hüququnun qorunmasının vacibliyini vurğuladı. Konfransın xarici qonaqlarından Saloniki Aristotel Universitetinin dekanı, Yunanıstan Elmlər Akademiyasının üzvü, professor Lambros Kotsiris “Müəllif və kitablar üçün müəlliflik hüququnun əhəmiyyəti” mövzusunda məruzə etdi.
   Konfransda məruzələr ətrafında müzakirələr aparıldı.
   
   Ceyhun Zərbəliyev