Mədəniyyət işçilərinin ixtisasartırma kurslarının növbəti mərhələsi bu məqsədə xidmət edirdi
   
   Xəbər verdiyimiz kimi, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi rayon və şəhər mədəniyyət və turizm şöbələrinin müdirləri üçün kurslar keçirir. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçilərinin iştirak etdiyi kurslar 2 mərhələdə olmaqla aprelin 2-dən 23-dək davam edib.
   
   Aprelin 23-də M. F. Axundzadə adına Milli Kitabxanada kursun son görüşü keçirildi. Şəhər və rayon mədəniyyət və turizm şöbələri qarşısında bu dəfə məruzə ilə Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov çıxış etdi. Son illər ölkədə aparılan mədəniyyət siyasəti, dövlətin bu istiqamətə qayğısı, mədəniyyət və turizm sahələrinin paralel inkişafı, bununla bağlı Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar barədə danışan natiq milli mədəniyyətimizin dünyada təbliğinə yönələn məqsədyönlü işlər barədə iştirakçılara dolğun məlumat verdi.
   Qeyd olundu ki, ölkəmizdə, bütün sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də mühüm layihələr, dövlət proqramları həyata keçirilir. İncəsənət sahəsində gerçəkləşən böyük layihələrdən söz açan natiq Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Muğam Festivalını, Qəbələ Beynəlxalq Musiqi Festivalını, Bakı Beynəlxalq Caz Festivalını xüsusi qeyd etdi. Azərbaycanın maddi və qeyri-maddi mədəniyyət nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer aldığını deyən natiq bu faktların milli mədəniyyətimizin dünyada daha geniş tanınmasına töhfə olduğunu vurğuladı.
   Milli teatr sənətinə dövlət qayğısından da söz açan aparat rəhbəri bu sahədə əldə olunan inkişafı rəqəm və faktlarla diqqətə çatdırdı.
   Məruzədə mədəniyyət siyasəti və onun uğurlu həlli yollarından da danışıldı. Muzey işi və kitabxana sahəsində qəbul olunan qərarların, yaradılan qanunvericilik bazasının bu sahələrin inkişafına müsbət təsir göstərdiyi vurğulandı.
   Mədəni irslə bağlı aparılan işlər barədə kurs iştirakçılarını məlumatlandıran F.Qurbanov ölkə başçısının sərəncamı ilə yaradılan 4 yeni tarix-mədəniyyət qoruğunun fəaliyyətindən də söz açdı.
   Azərbaycan kinematoqrafiyasının da inkişaf yolunda olduğu qeyd olundu, son 8 ildə çəkilən filmlərin statistikası diqqətə çatdırıldı. Bildirildi ki, bu müddətdə 26 tammetrajlı, 70-dən artıq sənədli film ekranlaşdırılıb, filmlərimiz 40-a yaxın ölkədə 90-dan artıq festivalda iştirak edib.
   Çıxışda nəşriyyat işi sahəsində görülən işlərdən ətraflı söz açıldı, Bakıda 2009 və 2011-ci illərdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkaları, bu yaxınlarda keçirilmiş reklam və mədəniyyət mövzusunda beynəlxalq konfrans haqqında danışıldı.
   Elm və təhsil istiqaməti, eləcə də beynəlxalq mədəni əməkdaşlıqla bağlı həyata keçirilən işlər barədə dinləyicilərə geniş məlumat verildi, investisiya və beynəlxalq proqramların icrasına da toxunuldu.
   Azərbaycanın prioritet istiqamətlərindən olan turizm sahəsində son illərdə əldə olunan irəliləyişlər, inkişaf tempi konkret faktlarla diqqətə çatdırıldı.
   F.Qurbanov mədəniyyət müəssisələrinin mövcud problemləri barədə fikirlərini də bölüşdü, xüsusən rayonlarda mədəniyyət sahəsi ilə bağlı müəyyən nöqsanların qaldığını bildirdi.
   Aparat rəhbəri qarşıda duran vəzifələri konsepsiya halında şöbə müdirlərinə izah etdi. O, müasir mərhələdə mədəniyyət sahəsinin idarə olunmasının mühüm cəhətlərini dilə gətirərək yalnız sistemli işin uğura apara biləcəyini xatırlatdı. Yerlərdə əhali arasında mədəni xidmətlərə tələbatın yüksək olmaması üzərində xüsusilə dayanmaqla bu faktın ciddi nöqsan olduğunu dedi. Bunun həlli üçün əhali arasında mədəni tədbirlərə marağı artırmağı, mədəniyyət evləri, kitabxana və muzeylərin əhalinin asudə vaxtının təşkilində önəmli yer tutması üçün həmin müəssisələrin özlərinin təbliğata maraq göstərməli olduqlarını diqqətə çatdırdı.
   «Mədəniyyətin inkişaf məqsədləri cəmiyyətin nail olmaq istədiyi məqsədlərlə uyğun olmalıdır» deyən məruzəçi yerlərdəki mədəniyyət və turizm təmsilçilərinin əsas diqqətini bu istiqamətə yönəltdi.
   Məruzədə bu istiqamətdə əsas vəzifələr də sadalandı: «Şəhər və rayonlarda mədəniyyət təmsilçiləri və mədəniyyət müəssisələrinin nüfuzunun yüksəldilməsi vacib amillərdəndir. Başqa bir məqam isə şəhər və rayonlarda yaradıcı proseslərin müxtəlifliyinin və dəyərliliyinin yüksəldilməsi və onun dəstəklənməsi ilə bağlıdır. Hər bir rayon mədəniyyət və turizm şöbəsinin rəhbəri ərazidə yaşayan sənətkarları diqqət mərkəzində saxlamalı, fəaliyyətlərini stimullaşdırmaq üçün müvafiq işlər görməli, onlara mənəvi dəstək nümayiş etdirməlidir».
   Mədəniyyət müəssisələri qarşısında qoyulan tələblərin icrası və kadr siyasətinin düzgün təşkili barəsində də söhbət açılan görüşdə bu məsələ ilə bağlı müvafiq istiqamətlər müzakirə olundu. Bildirildi ki, mədəniyyət sahəsində xidmətlərin modernləşdirilməsi, mədəniyyətin təlim rolunun artırılması, aztəminatlı ailələr və fiziki cəhətdən qüsurlu insanlar üçün yaradıcılıq fəaliyyəti və mədəni xidmətlər üçün müəyyən şəraitin yaradılması, tarixi-mədəni irsin, eləcə də mədəniyyətin davamlı inkişafının qorunub saxlanması vacib şərtlərdəndir. Bu mənada mədəniyyət müəssisələrində maliyyə-təsərrüfat fəaliyyəti və idarəetmənin təkmilləşdirilməsi məsələlərinə daim diqqət yetirilməlidir.
   Kursun yekunlaşması ilə bağlı təəssüratlarını bizimlə bölüşən Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov belə görüşlərin təcrübə mübadiləsinin təşkilində mühüm rol oynadığını dedi: «İki qrupa bölünməklə hər biri 10 gün davam edən bu qısamüddətli kurslar nəzəri və praktiki aspektdə davam etdi. Ümumilikdə 54 rayonun təmsil olunduğu kurslar, yəqin ki, yerlərdə işin təşkilində, mədəniyyət siyasətinin tətbiqində öz sözünü deyə biləcək».
   Yerlərdə mədəniyyət siyasətinin tətbiqi və yeni fəaliyyət modelinin formalaşması üçün bu kursların vacib olduğunu deyən kurs iştirakçılarından olan Kürdəmir, Biləsuvar və Sabirabad rayonlarının mədəniyyət və turizm şöbələrinin rəhbərləri Vaqif Alıyev, Rəfiqə Cəfərova və Əhməd Ramazanov bu tədbirlərin onların fəaliyyətlərinə müsbət təsir edəcəyini bildirdilər.
   
   Həmidə Nizamiqızı